ABŞ-də ilk dəfə süni yumurta yaratdılar


ABŞ-nin “Colossal Biosciences” biotexnologiya şirkəti sağlam cücələrin çıxmasına imkan verən süni yumurta yaratdığını elan edib.
Yeniavaz.com
“USA Today” qəzetinə istinadla xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.  
Şirkətin məlumatına görə, bu texnologiya artıq Texas fermasında 30-dan çox cücənin yetişdirilməsinə imkan verib.
Bu yeni inkubasiya platformasının hazırlanması təxminən iki il çəkib.
Onun şəffaf dizaynı həmçinin embrionun inkişafını real vaxt rejimində davamlı izləməyə imkan verib. İnnovativ membran biomühəndislər tərəfindən silikondan istifadə etməklə yaradılıb. Onun oksigen ötürmə qabiliyyəti ətraf mühit şəraitində təbii yumurta qabığının oksigen ötürmə qabiliyyəti ilə eynidir. Bundan əlavə, bu cihaz standart inkubatorlarla uyğundur.
Şirkət iddia edir ki, sistem ənənəvi bioloji mühitdən kənarda embrion inkişaf şərtlərini təkrarlayır və bu da heyvanların yetişdirilməsinə yanaşmanı potensial olaraq dəyişdirir.
Şirkətin baş direktoru və həmtəsisçi Ben Lamm “USA Today”ə bildirib ki, texnologiya nəsli kəsilmiş növləri yenidən “həyata qaytarmaq” kimi daha iddialı bir məqsədə doğru bir addım kimi qiymətləndirilir. Xüsusilə, “Colossal Biosciences” şirkəti təxminən 600 il əvvəl Yeni Zelandiyada nəsli kəsilmiş nəhəng moa quşlarını “həyata qaytarmaq” layihəsi üzərində işləyir.
Lammın sözlərinə görə, moa yumurtası toyuq yumurtasından təxminən 80 dəfə böyükdür və bu da ənənəvi surroqat inkubasiya üsullarından istifadəni qeyri-mümkün edir. Buna görə də, şirkət süni inkubasiya mühitinin yaradılmasına xüsisi diqqət yetirirlər.
Lamm həmçinin bildirib ki, texnologiyanın əsas ideyası "ekzogen inkişaf", yəni nəslin tamamilə ananın bədənindən kənarda əmələ gəlməsi üçün şərait yaratmaqdır.
Onun sözlərinə görə, bu, təkcə nəsli kəsilmiş növlərə deyil, həm də nəsli kəsilməkdə olan canlı növlərin qorunmasına da tətbiq oluna bilər.

DİGƏR XƏBƏRLƏR

Top