
Sosial media platformalarının istifadəçi sayı hər il artmaqda davam edir.
Yeniavaz.com xəbər verir ki, əyləncə, ünsiyyət və informasiya paylaşımı üçün istifadə olunan bu platformalar artıq bir çox insan üçün həm də gəlir mənbəyinə çevrilib.
2026-cı il üzrə açıqlanan statistikaya əsasən, qlobal sosial media bazarında rəqabət güclənsə də, liderlik dəyişməyib.
“Salesforce”un təqdim etdiyi məlumatlara görə, aylıq aktiv istifadəçi sayına əsasən dünyanın ən populyar sosial media platforması yenə də “Facebook” olub. Platformanın aylıq aktiv istifadəçi sayı 3,1 milyarda çatıb ki, bu da dünya əhalisinin 40 faizindən çoxuna bərabərdir.
Siyahıda ilk üçlük tamamilə “Meta” şirkətinə məxsus platformalardan ibarətdir. “Facebook”dan sonra ikinci və üçüncü yerlərdə aylıq 3 milyard aktiv istifadəçisi olan “Instagram” və “WhatsApp” qərarlaşıb. Ekspertlər “Meta”nın sosial media bazarındakı dominant mövqeyini məhz bu platformalar vasitəsilə qoruduğunu bildirirlər.
“Meta”nın güclü mövqeyi şirkətin illər əvvəl etdiyi böyük satınalmalarla əlaqələndirilir. Belə ki, şirkət “Instagram”ı 2012-ci ildə 1 milyard dollara, “WhatsApp”ı isə 2014-cü ildə 20 milyard dollara əldə edib. “Facebook” əsasən daha yaşlı istifadəçilər arasında populyarlığını saxladığı halda, “Instagram” daha çox gənclərin seçiminə çevrilib. “WhatsApp” isə demək olar ki, bütün yaş qrupları arasında əsas ünsiyyət vasitələrindən biri olaraq qalır.
Reytinqdə dördüncü yeri 2,5 milyard aylıq aktiv istifadəçisi ilə “YouTube” tutur. “Google”a məxsus platformanın son illərdə sürətlə böyüməsində kontent yaradıcılarının artan rolu xüsusi vurğulanır.
Beşinci pillədə isə son illərin ən sürətlə yüksələn platformalarından biri olan “TikTok” qərarlaşıb. “ByteDance” şirkətinə məxsus platformanın aylıq aktiv istifadəçi sayı 2 milyarda çatıb. “TikTok”un yüksəlişi xüsusilə COVID-19 pandemiyası dövründə sürətlənib və pandemiyadan sonra da davam edib.
İlk onluqda Çin texnologiya şirkətlərinə məxsus digər platformalar da yer alır. “Tencent” şirkətinin sahibi olduğu “WeChat” 1,4 milyard istifadəçi ilə altıncı sıradadır. “ByteDance”a məxsus “Douyin” isə 755 milyon istifadəçi ilə 11-ci yerdə qərarlaşıb.
Mütəxəssislər qeyd edirlər ki, Çin sosial media platformalarının artan təsiri bəzi ölkələrdə tənzimləyici tədbirlərə səbəb olub. Xüsusilə “TikTok”un gənclər arasında populyarlığının artması müxtəlif ölkələrdə platformaya qarşı məhdudiyyətlərin tətbiqinə yol açıb.
“Meta” şirkətinə aid digər platformalar da reytinqdə diqqət çəkir. “Messenger” 1 milyard aktiv istifadəçi ilə yeddinci, “Threads” isə 400 milyon istifadəçi ilə 14-cü pillədə qərarlaşıb.
Digər məşhur platformalar arasında “Telegram” 1 milyard istifadəçi ilə səkkizinci, “Snapchat” isə 900 milyon istifadəçi ilə doqquzuncu yerdədir. İlon Maska məxsus “X” (keçmiş “Twitter”) platforması 650 milyon istifadəçi ilə 12-ci sırada yer alıb. Korporativ şəbəkə kimi tanınan “LinkedIn” isə 310 milyon aylıq aktiv istifadəçi ilə ilk 15-liyi tamamlayır.
2026-cı ilin ən populyar sosial media platformaları (aylıq aktiv istifadəçi sayına görə):
“Facebook” – 3,1 milyard
“Instagram” – 3 milyard
“WhatsApp” – 3 milyard
“YouTube” – 2,5 milyard
“TikTok” – 2 milyard
“WeChat” – 1,4 milyard
“Messenger” – 1 milyard
“Telegram” – 1 milyard
“Snapchat” – 900 milyon
“Reddit” – 850 milyon
“Douyin” – 755 milyon
“X” (“Twitter”) – 650 milyon
“Pinterest” – 578 milyon
“Threads” – 400 milyon
“Linkedin” – 310 milyon
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz