
Araşdırmalar göstərir ki, telefonla danışmaq münasibətlərdə daha güclü emosional bağ yaradır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan məqalədə qeyd edilib.
Bir çox insan telefon zəngini bir qədər narahat və çətin hesab etdiyi üçün mesaj və ya elektron poçta üstünlük verir. Lakin araşdırmalar bu narahatlığın əksər hallarda əsassız olduğunu göstərib.
Tədqiqatda 200 nəfər iştirak edib. İştirakçılardan uzun müddət əlaqə saxlamadıqları dostları ilə ya telefonla danışmaq, ya da mesaj vasitəsilə ünsiyyət qurmaq istənilib. Bir çoxu əvvəlcə zəng etməkdən çəkinib, amma danışıqdan sonra qarşı tərəfə özlərini daha yaxın hiss etdiklərini bildiriblər. Mesajlaşma və elektron poçt isə eyni emosional təsiri yaratmayıb.
Araşdırmada bir-birini tanımayan insanlar da iştirak ediblər. Onlar mesajlaşma, telefon zəngi və ya videozəng vasitəsilə ünsiyyət quraraq şəxsi suallar veriblər. Nəticədə iştirakçılar arasında daha güclü yaxınlıq hissinin yarandığı müəyyən olunub.
Alimlərin fikrincə, insan səsinin tonu, emosiyası və canlı reaksiyalar münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Tədqiqat həmçinin göstərib ki, insanların düşündüyünün əksinə olaraq, telefonla danışmaq mesaj yazmaqdan və ya e-poçt göndərməkdən daha çox vaxt almır. Zəng etmək təxminən mesajlaşma qədər vaxt aparır.
Tətbiqimizi yükləyə bilərsiniz