Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda keçirilən WUF13 tədbirindən xəbərsizdir?


Paytaxt Bakı hazırda dünya səviyyəli tədbirə – BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir.
Yeniavaz.com
xəbər verir ki, dünyanın bir-çox ölkəsindən dövlət və hökumət başçılarının, nazirlərin, merlərin və şəhərsalma ekspertlərinin qatıldığı bu nəhəng tədbirə ev sahibliyi edən Bakı şəhərində İcra Hakimiyyətinin (BŞİH) baş verənlərdən “xəbərsiz” olduğu görünür.
Belə ki, BŞİH-nin rəsmi veb-saytına nəzər saldıqda qəribə və təəccüblü bir mənzərə ilə qarşılaşırıq. Maraqlıdır ki, Bakının qlobal şəhərsalma və dayanıqlı inkişaf mövzusunda dünya gündəminin mərkəzinə çevrildiyi bir vaxtda, qurumun rəsmi portalındakı sonuncu xəbər 5 may tarixinə aiddir.
Saytın “Xəbərlər” bölməsində sonuncu məlumat paytaxtın abad məhəllələrində basketbol yarışlarının başa çatması ilə bağlıdır. Digər xəbər isə Mərkəzi Nəbatat bağındakı gənc rəssamların sərgisindən və keçirilən konsertlərdən bəhs edir.
Məlumat üçün onu da bildirək ki, Bakı Şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesabları belə mövcud deyil. Qurumun rəsmi-saytında yer alan məlumatlardan belə görünür ki, yalnız “İnstagram” sosial şəbəkəsində İcra Hakimiyyətinə aid olan bir səhifə var. “bakiseherih” adlı bu səhifənin cəmi 402 izləyicisi var və bugünə kimi bu səhifədə cəmi 4 paylaşım edilib. Səhifədə sonuncu paylaşım isə 12 iyul 2023-cü ilə aiddir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab verilmədi.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top