AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir?


Alıcılıq qabiliyyəti paritetinə (AQP) əsasən Azərbaycan manatının ABŞ dolları qarşısındakı məzənnəsi 0,47 olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı son hesabatda yer alıb.
Qeyd edək ki, AQP-yə əsasən müəyyən edilən məzənnənin 0,47 olması o deməkdir ki, ABŞ-də 1 dollara alına biləcək məhsulları Azərbaycanda 0,47 manata almaq mümkündür.
Açıqlanan son rəsmi məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 151,5 manat olub və ya mövcud məzənnə (1 dollar / 1,7 manat) ilə hesablandıqda 677 dollar təşkil edib. Orta aylıq nominal əməkhaqqını AQP-yə görə hesabladığımız zaman isə Azərbaycanda orta aylıq əməkhaqqı 2 450 dollara (1 151,5 / 0,47) bərabər olur.
Müqayisə üçün bildirək ki, BVF AQP-yə əsasən Ermənistan milli valyutası – dramın ABŞ dolları qarşısındakı məzənnəsini 148,64 olaraq göstərib. Yəni ABŞ-də 1 dollara alınacaq məhsulları Ermənistanda 148,64 drama almaq mümkündür. Ermənistanda orta aylıq əməkhaqqının bu ilin mart ayında 329 166 dram (890,6 dollar) olduğu açıqlanıb.  Bu isə o deməkdir ki, AQP-yə görə hesabladığımız zaman Ermənistanda orta aylıq əməkhaqqı 2 214 dollara (329 166 / 148,64) bərabər olur.
Digər qonşumuz Gürcüstanda isə orta aylıq əməkhaqqı 2 466,2 lari (916,8 dollar) olub. BVF-nin Gürcüstan larisi üçün AQP-yə əsasən açıqladığı məzənnə isə 0,92 olub. Bu isə o deməkdir ki, AQP-yə görə hesabladığımız zaman Gürcüstanda orta aylıq əməkhaqqı 2 681 dollara (2 466,2 / 0,92) bərabər olur.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top