Sürücülük vəsiqələrinin alınmasında hər şey qaydasındadırmı? - AÇIQLAMA

Yollarda hər gün müxtəlif sürücülərlə rastlaşırıq - bəzilərinin avtomobil idarəetməsindən belə güman etmək olar ki, adi yol hərəkəti qaydalarından belə xəbərsizdilər. Təəccüblənirsən ki, adam maşını böyük bir şəhərdə sürürsə, cibində sürücülük vəsiqəsi gəzdirirsə, buna necə yol verir?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Yeniavaz.com-a açıqlamasında dedi ki, sürücülük imtahanlarında təcrübi məsələlərlə bağlı bir qədər təkmilləşdirməyə ehtiyac var.

"Sürücülük təhsili təhsil müəssisələrində ürəkaçan səviyyədə deyil"

"Azərbaycanda sürücülük imtahanlarının nəzərə hissəsi bildiyiniz kimi, kompüterlə verilir. Sürücülük imtahanlarının verildiyi yerlərə videokameralar qoyulur. Məsələyə yanaşma belə olmalıdır - sürücülük təhsili ilə bağlı bəli, problemlərimiz var. Sürücülük təhsili təhsil müəssisələrində ürəkaçan səviyyədə deyil. Əgər görürüksə ki, yolda bizim sürücülərimizin hamısı arzuolunan səviyyədə deyil, yol hərəkəti qaydalarını lazımi dərəcədə bilmirlər və yaxud yol hərəkəti qaydalarını bilsələr də buna riayət eləyə bilmirlər, deməli, bu məsələdə problem var. Həmin problemi də aradan qaldırmaq üçün təbii ki, tədbirlər görülməlidir. Bu dəqiqə dünyanın hər yerində belədir - hansısa fəaliyyət donub yerində qala bilməz. Tədricən təkmilləşməlidir, yaxşılaşmalıdır, texnologiyalarla və s. Buna bizdə də ehtiyac var",-deyə Ərşad Hüseynov bildirdi.

Onun sözlərinə görə, əslində qanun imkan verir ki, sürücülük məktəbinə getmədən də müstəqil hazırlaşıb imtahan verilsin: "Tutaq ki, B kateqoriyası üzrə, yəni minik avtomobillərinin sürücüsü üçün nəzərdə tutulan sürücülük vəsiqəsinin alınması üçün müstəqil hazırlaşıb imtahan vermək mümkündür. Amma hər halda bu iş elə qurulmalıdır ki, sürücü hazırlıqsızdırsa, deyək ki, hər şeyi yaxşı bilmirsə, texnikanı normal idarə eləməkdə problemi varsa, heç özünü imtahana getməyə rəva görməsin, buna cəhd eləməsin. Hansısa şablonları əzbərləyib gedib imtahan vermək, tədrisdən kənar imtahan vermək, sürücülüyün praktiki tərəfi və s.

Belə məsələlər də var. Bu məsələyə yenidən baxılmalıdır, təkmilləşdirilməlidir. Çox şeyə ehtiyac var".

Ekspert maraqlı bir təklif də verdi: "Azərbaycanda sürücülük vəsiqəsinin alınması üçün təcrübi imtahanın birincisi motodromda olur. Ancaq mənim fikrimcə, ikinci mərhələsi real küçədə olmalıdır. Real küçədə olma mərhələsi bu dəqiqə bizdə yoxdur. Ondan ötrü şərait yoxdurmu? Bunlar həll olunmalıdır".

Yol polisindən açıqlama

Məsələ ilə bağlı sualımızı Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinə də ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Yeniavaz.com-a bildirdi ki, istənilən şəxs gəlib zalda oturub sürücülük imtahanlarının gedişinə bilavasitə özü baxa bilər: "Şəffaflığın təmin olunması ilə əlaqədar deyim ki, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik olundu. Bu dəyişikliklərdən sonra imtahan zallarına kameralar da, monitorlar da quraşdırıldı. Yəni istənilən şəxs gəlib zalda oturub imtahanın gedişinə bilavasitə özü baxa bilər.

O ki, qaldı sürücülərin yol hərəkəti qaydalarını bilməmələrinə, bizdə bu gün qəza və ya yol hərəkəti qaydalarının pozulması hansı səbəbdən baş verir - ya yüksək sürət, ya kimsə işıqforun qırmızı işığında keçir, ya kimsə yol ayrıcının keçmə qaydalarını düzgün keçmir, piyadaya yol vermir. Bu konkret olaraq yol hərəkəti qaydalarını bilmək yox, bilib riayət eləməməkdir. Bu gün 3-cü sinif şagirdindən soruşsanız ki, avtomobil işıqforun qırmızı işığında hərəkət eləməlidir, yoxsa yaşılda - cavab verə biləcək. Sürücü əgər gözü görə-görə qırmızı işıqda hərəkət eləyirsə, burada hansı qaydanı bilməməkdən danışmaq olar? Burada söhbət məsuliyyətsizlikdən gedir, qanuna hörmətsizlikdən gedir, qaydaların bilərəkdən, qəsdən pozulmasından gedir. Sürücü spirtli içki içib sükan arxasına oturursa, bilmir ki, olmaz? Ona durub ayrıca dərs keçilməlidir? Bir yolda 90 km /saat sürət göstərilirsə və sürücü maşını 130-la sürürsə, bilmir ki, nişanın tələbinə əməl edilməlidir? Gözəl bilir. Yenə deyirəm, söhbət burada bilməkdən yox, bilib riayət eləməməkdən gedir. Şəffaflıq tam təmin olunur, sadəcə, söhbət sürücünün qaydaya əməl edib-etməməsindən gedir. Bu, aydın məsələdir. Gözlə görülən haldır. Bu gün kimsə deyir ki, mən sürücülük vəsiqəsini özüm almışam. Belə deyək, adətən, hansısa sürücüləri başqa, müxtəlif yollarla vəsiqə əldə etməkdə təqsirləndirən, suçlayan adamların hamısı deyir ki, mən vəsiqəni özüm almışam. Aydın bir şeydir də, hamı vəsiqəni özü alır. Amma qaydanı pozmaq, qaydalara riayət eləməmək axı onun göstəricisi deyil ki, bu sürücü sürücülük vəsiqəsini hansısa yollarla alıb".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top