
“Aston Villa” İngiltərə Futbol Çempionatının 37-ci turunun son oyununda “Liverpul”u 4-2 hesabı ilə məğlub edərək Çempionlar Liqasına vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, Unai Emerinin rəhbərlik etdiyi Birminhem komandası 62 xal toplayaraq, turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.
“Villa Park” stadionunda keçirilən oyunda “Aston Villa”nın qollarını 42-ci dəqiqədə Morqan Rocers, 57-ci və 73-cü dəqiqələrdə Olli Uotkins, 89-cu dəqiqədə isə Con MakQinn vurub. “Liverpul”da ilə Vircil van Deyk dub edib (51-ci və 90+1-ci dəqiqələr).
Bu mövsüm İngiltərə Premyer Liqasında ilk beş komanda Çempionlar Liqasına vəsiqə qazanacaq. Bundan əvvəl “Arsenal” (79 xal), “Mançester Siti” (77) və “Mançester Yunayted” (65) Çempionlar Liqasına vəsiqə qazanmışdı. “Liverpul” isə 59 xalla beşinci yerdədir.
Qeyd edək ki, son turda “Aston Villa” səfərdə “Mançester Siti” ilə, “Liverpul” isə “Brentford”la qarşılaşacaq. Oyunlar mayın 24-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz