
(Həyat dərsi)
Amerika prezidenti Avraam Linkolnun öldürülməsi ilə eyni vaxtda o dövrün məşhur teatr aktyoru Edvin Butun da qara günləri başlamışdı. Çünki qardaşı Uilks Butun işlədiyi cinayət onu böyük bir dəhşətə salmışdı.
Edvin But bu cinayətdən sonra ən yaxın bir neçə dostundan başqa hamını görməkdən imtina etmiş və gözdən uzaq bir yerə çəkilmişdi. Həyatının ən qaranlıq günlərində yeganə təsəllisi isə əlində bərk-bərk tutduğu bir məktub idi.
Bu məktubun yazılmasına səbəb olan hadisə isə Amerika Vətəndaş Müharibəsinin ilk illərində baş vermişdi…
Edvin But bir axşam Filadelfiyaya getməyi qərara aldı və qatara çatmaq üçün Pensilvaniyadakı qatar stansiyasına getdi. Qatar artıq perrona daxil olmuş və sərnişinlər bir-birilərini itələyə-itələyə qatara minməyə başlamışdılar. Edvin But vaqonlardan birinin sonuna gələndə qatar birdən hərəkət etdi. Bu vaxt But yaxşı geyinmiş bir gəncin o qarma-qarışıqlıqda stansiya platforması ilə qatarın arasına düşdüyünü gördü. Artıq düşünməyə vaxt yox idi və But gəncin yaxasından tutub yuxarı çəkdi. Gənc minnətdarlığını ifadə etmək üçün deməyə söz tapmırdı. Və məşhur aktyoru tanıdığı üçün:
- Az qala öləcəkdim, cənab But! - deyə bildi.
But gülümsədi və gənc adamın adını belə soruşmadan oturmaq üçün yet axtarmağa getdi.
Bir neçə həftə sonra ona Potomak Ordu Qərargahından bir məktub gəldi. Məktubda bu qəhrəmanlığı üçün Buta təşəkkür edir və xilas etdiyi adamın kim olduğunu bildirirdilər.
But 14 aprel 1865-ci il gecəsinə qədər bu hadisənin üzərində çox dayanmadı. Ancaq o dəhşətli gecədən sonra (yəni, Edvin Butun qardaşı Uilks Butun Vaşinqtondakı Ford Teatrına girərək, Avraam Linkolnu öldürdüyü gecədən) ömrünün bu qaranlıq günlərində onun yeganə təsəllisi əlində bərk-bərk tutduğu bu məktub oldu. Çünki bu məktub Butlardan birinin Linkolnllardan birinin həyatına son qoymasının, digərinin isə Linkollardan birinin həyatını xilas etməsinin sübutu idi.
Bəli, Edvin Butun xilas etdiyi o gənc Avraam Linkolnun oğlu Robert Tod Linkoln idi...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz