Nağdsız ödənişlər insanları daha çox xərcləməyə vadar edir


Araşdırmalara görə, nağd pul insanlarda pul üzərində daha güclü sahiblik hissi yaradır və bu da xərcləməyə daha məsuliyyətli yanaşmağa kömək edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qualitative Market Research” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırmaya görə, nağd pulun qoxusu, əldə tutulması və sayılması insanlarda emosional bağlılıq formalaşdırır. Bu səbəbdən insanlar nağd pulla ödəniş edərkən daha diqqətli davranır və xərclədikləri məbləği daha yaxşı hiss edirlər.
Tədqiqat Yeni Zelandiya və Çində aparılıb. Alimlər fokus qrupları və açıq anketlər vasitəsilə insanların nağd və rəqəmsal ödənişlərlə bağlı hiss və davranışlarını araşdırıblar. İştirakçılar bildiriblər ki, rəqəmsal ödəniş zamanı pul real görünmür və insan öz pulunu xərclədiyini tam hiss etmir.
Araşdırma zamanı Çində əməliyyatların yarıdan çoxunun tətbiq əsaslı ödənişlərlə həyata keçirildiyi qeyd olunub. Buna baxmayaraq, bir çox iştirakçı rəqəmsal ödənişlərin maliyyə üzərində nəzarət hissini azaltdığını bildirib. Respondentlərdən biri qeyd edib ki, nağd pul xərclənərkən insan pulunun azaldığını aydın hiss edir, rəqəmsal ödənişdə isə bu hiss zəifləyir.
Tədqiqat həmçinin göstərib ki, insanlar rəqəmsal ödənişləri sürətli, rahat və təhlükəsiz hesab etsələr də, nağd puldan imtina edərkən müəyyən itki hissi yaşayırlar. Alimlərə görə, nağd ödəniş zamanı yaranan məsuliyyət, kədər və günahkarlıq hissi insanların daha düşünülmüş qərarlar verməsinə kömək edir.

DİGƏR XƏBƏRLƏR

Top