
Məktəbdə tez-tez dərs buraxan uşaqlar gələcəkdə həm təhsil, həm də maddi baxımdan daha çox çətinliklə üzləşə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of Youth and Adolescence” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma çərçivəsində ABŞ-nin 10 şəhərində doğulduqdan sonra izlənilən 648 şagirdin məlumatları təhlil olunub. Tədqiqatçılar uşaqların bağçadan səkkizinci sinfə qədər neçə gün dərs buraxdığını araşdırıb, daha sonra isə onların 22–23 yaşındakı həyat göstəricilərini müqayisə ediblər.
Nəticələr göstərib ki, erkən yaşlarda tez-tez dərs buraxan uşaqlar gələcəkdə təhsil və maddi vəziyyət baxımından daha çox çətinlik yaşayırlar. Belə şəxslərin iş tapmaq, kollecdə təhsil almaq və seçkilərdə səs vermək ehtimalının daha aşağı olduğu müəyyən edilib. Araşdırmaya görə, dərsə davamiyyəti zəif olan şagirdlərin seçkilərdə səsvermə ehtimalı 4,7 faiz az olub.
Bununla yanaşı, onların hesabları ödəməkdə çətinlik çəkmə, dövlət yardımından istifadə etmə və məktəbdə daha aşağı nəticələr göstərmə ehtimalının daha yüksək olduğu bildirilib. Araşdırmada dərs buraxmanın cinayətkar və riskli davranışlarla əlaqəsi aşkarlanmasa da, bunun təhsil, iqtisadi durum və cəmiyyətlə əlaqələrə təsir etdiyi vurğulanıb.
Tədqiqatın müəllifi Arya Ansari bildirib ki, bir çox valideyn erkən yaşlarda dərs buraxmanın ciddi problem olmadığını düşünsə də, nəticələr bunun gələcək həyata təsir etdiyini göstərir. Onun sözlərinə görə, kiçik yaşlardan məktəbə davamiyyətin zəifləməsi uşaqların gələcəkdə cəmiyyətlə əlaqələrinin azalmasına səbəb ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz