
Rusiyada həbsxanalardakı məhbusların sayı son illərdə kəskin azalıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Federal Penitensiar Xidmətinin (FSIN) direktoru Arkadi Qostev açıqlayıb.
Onun sözlərinə görə, 2021-ci ilin sonunda ölkədə 465 min məhbus olduğu halda, hazırda bu rəqəm 282 min nəfərə düşüb. Həmin şəxslərdən 85 min nəfəri istintaq təcridxanalarında və bu statusda fəaliyyət göstərən müəssisələrdə saxlanılır.
Qostev bildirib ki, məhbus sayının azalmasının əsas səbəblərindən biri cinayət cəzalarının humanistləşdirilməsi siyasətidir. Bu çərçivədə məcburi əmək və alternativ cəza növlərinin tətbiqi genişləndirilib. Digər mühüm amil isə Rusiya Silahlı Qüvvələrinə müqaviləli hərbçilərin cəlb olunması proqramları olub.
Bundan əvvəl, martın 4-də Rusiya Ali Məhkəməsi sədrinin müavini Vladimir Davıdov da ölkədə həbsdə olanların sayının tarixi minimum səviyyəyə endiyini açıqlamışdı. Onun sözlərinə görə, istintaq təcridxanaları və cəza koloniyalarındakı məhbusların sayı 308 min nəfərə qədər azalıb.
Davıdov qeyd edib ki, bu dinamika 2001-ci ildə yeni Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinin qəbulundan sonra başlayan qanunvericiliyin humanistləşdirilməsi siyasətinin nəticəsidir. Davıdov müqayisə üçün bildirib ki, 25 il əvvəl Rusiyada həbsdə olanların sayı 1 milyondan çox olub.
Tətbiqimizi yükləyə bilərsiniz