
Araşdırmalara görə, spirtli içki istifadəsi təkcə onu qəbul edən şəxslərə deyil, ətrafındakı insanlara da ciddi problemlər yaradır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada bildirilib.
ABŞ-də aparılan sorğunun nəticələrinə görə, son 12 ay ərzində qadınların 21%-i, kişilərin isə 23%-i başqasının spirtli içki qəbul etməsi səbəbindən zərər gördüyünü bildirib. Bu isə ümumilikdə təxminən 53 milyon yetkin insan deməkdir. Araşdırmada təhdid və təqib, fiziki zorakılıq, vandalizm, əmlakın dağıdılması, yol-nəqliyyat hadisələri, ailə problemləri və maddi çətinliklər kimi halların geniş yayıldığı qeyd olunub.
Alimlər qeyd edirlər ki, qadınlar daha çox ev şəraitində həddindən artıq spirtli içki qəbul edən şəxslərdən, kişilər isə əsasən ailədənkənar mühitdə içki içən insanlardan zərər görürlər.
Araşdırma zamanı yaş faktorunun da mühüm rol oynadığı müəyyən edilib. Belə ki, 25 yaşdan aşağı şəxslər başqasının alkoqol istifadəsindən daha çox zərər görən qrup hesab olunur. Bundan başqa, özləri də tez-tez spirtli içki qəbul edən kişi və qadınların təxminən yarısı başqasının içki istifadəsi səbəbindən zərər gördüyünü bildirib. Hətta çox içki qəbul etməyən, lakin müəyyən qədər istifadə edən şəxslərdə belə təhdid, zorakılıq və yol qəzaları ilə bağlı riskin spirtli içki qəbul etməyənlərlə müqayisədə 2-3 dəfə çox olduğu müəyyən olunub.
Tətbiqimizi yükləyə bilərsiniz