
Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.
271 nömrəli tam orta ümumtəhsil məktəbindən Yeniavaz.com-a verilən məlumata görə, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.
Bildirilib ki, videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.
“Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.
Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”, - məlumatda qeyd olunub.
***12:57
Sosial şəbəkələrdə şagirdin yoldaşına qarşı etdiyi fiziki zorakılığın kadrları yayılıb.
Yeniavaz.com xəbər verir ki, hadisənin 271 saylı orta məktəbdə baş verdiyi bildirilir.
Kadrlarda şagirdlərdən birinin məktəbin sanitar qovşağında başqa bir şagirdə qarşı fiziki zorakılıq etməsi əks olunub.
Sözügedən şagirdin digər şagirdləri də ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyduğu və həmin görüntüləri lentə alaraq sosial şəbəkə hesabında paylaşdığı iddia olunur.
Tətbiqimizi yükləyə bilərsiniz