
Gündəlik həyatda edilən kiçik dəyişikliklər beyni aktiv saxlayaraq yaddaşın qorunmasına kömək edə bilər.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, alimlərin fikrincə, insan beyni yeni və fərqli fəaliyyətlərlə daha yaxşı işləyir. Bu da yaş artdıqca yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsinin qarşısını almağa kömək edir.
Mütəxəssislər beynin sağlam qalması üçün üç əsas vərdişi vacib sayırlar. Bunlardan biri yeni marşrutlar öyrənmək və tez-tez xəritəsiz hərəkət etməkdir. Bu, beynin yaddaş və istiqamətlə bağlı hissəsini aktiv saxlayır. Araşdırmalara görə, məkan yaddaşından çox istifadə edən insanlarda alzheimer riski daha az olur.
Alimlər sosial aktivliyin də vacib olduğunu bildirirlər. Dostlarla ünsiyyət, söhbət və müxtəlif sosial fəaliyyətlər beynin daha aktiv işləməsinə kömək edir. Sosial həyatı aktiv olan insanlarda demensiya riski daha aşağı olur.
Digər vacib amil isə daim öyrənməkdir. Kitab oxumaq, yeni biliklər əldə etmək, hobbilərlə məşğul olmaq və müzakirələrə qatılmaq beynin elastikliyini qoruyur. Zehni fəaliyyətlə məşğul olan insanlarda yaddaş zəifləməsi daha yavaş baş verir.
Mütəxəssislər bildirirlər ki, beyin sağlamlığını qorumaq üçün həyat tərzini tam dəyişmək lazım deyil. Gündəlik həyata kiçik zehni, fiziki və sosial fəaliyyətlər əlavə etmək kifayətdir.
Tətbiqimizi yükləyə bilərsiniz