
Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayev vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat dərc edib.
Mayis Musayev qeyd edib ki, Agentlikdəki fəaliyyəti bu gün etibarilə yekunlaşıb:
“Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə iş deyil, böyük qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim.
Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstəyə, paylaşılan biliklərə və birgə imza atdığımız uğurlu layihələrə görə sonsuz təşəkkürümü bildirirəm.
Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara və media nümayəndələrinə də təşəkkür edirəm.
Məkanlar və vəzifələr fərqli olsa da, dövlətimizə və vətəndaşımıza xidmət missiyası ömürlükdür. İndi isə yeni hədəflərə və yeni çağırışlara doğru irəliləmək zamanıdır!”
Tətbiqimizi yükləyə bilərsiniz