
Məşhur aktyor Ceki Çan “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi IV: Ultimatum”) filmini Qazaxıstanda və Azərbaycanda çəkəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
“Salem Entertainment” tərəfindən istehsal olunan filmin əsas çəkilişlərinə iyul ayında başlanılması və 2027-ci ilin ikinci rübündə dünya miqyasında nümayişinin planlaşdırılması nəzərdə tutulur.
Filmin rejissoru Robert Kun, prodüsserləri Esmond Ren və İqor Tsay olacaq. Filmdə Ceki Çan ”Asiya şahini” (“Asian hawk”) obrazını canlandıracaq. Ssenariyə əsasən baş qəhrəman qiyməti 20 milyon dollardan çox olan qədim Tumar artefaktını əldə etmək üçün yenidən təhlükələrlə dolu bir macəraya atılacaq.
Çəkilişlər Astana Beynəlxalq Maliyyə Mərkəzinin qeydiyyatında olan “Alem” Fondunun dəstəyi ilə həyata keçiriləcək.
“Bu, qazaxıstanlı tərəfdaşlarla ilk layihəmdir, amma sonuncu olmayacaq. Tezliklə daha çox məlumat verəcəyik. Mən orada əvvəllər heç vaxt film çəkməmişəm və bu, tamaşaçılara təqdim edə biləcəyimiz bir çox yeni vizual və yaradıcı ideyalara imkan verəcək”, - məşhur aktyor bildirib.
Qeyd edək ki, ilk film 1986-cı ildə Ceki Çanın baş rolda oynadığı və rejissorluq etdiyi “Tanrının zirehi” adı ilə çəkilib. Daha sonra 1991-ci ildə “Tanrının zirehi II: Kondor Əməliyyatı” filmi ekrana çıxıb. Filmin üçüncü hissəsi olan “Tanrının zirehi III: Çin Bürcü” isə 2012-ci ildə istehsal olunub. Hər üç filmdə Ceki Çan “Asiya şahini” obrazını canlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz