
Ağıllı olmaq insanın daha çox pul qazanmasına kömək etsə də, varlı olmaq üçün təkcə yüksək zəka kifayət etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Intelligence” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Tədqiqatda 40 yaşlarının ortalarında olan 7403 amerikalı iştirak edib. İştirakçılar uzun illər ərzində bir neçə dəfə sorğuya cəlb olunub və alimlər onların zəka səviyyəsini xüsusi qabiliyyət testi vasitəsilə qiymətləndiriblər. Eyni zamanda, onların gəlirləri, topladıqları sərvət, kredit kartı borcları, ödənişləri gecikdirib-gecikdirmədikləri və müflis olub-olmadıqları da araşdırılıb.
Nəticələr göstərib ki, yüksək IQ-yə malik şəxslər orta hesabla daha çox maaş alsalar da, bu, onların daha çox sərvət toplaması anlamına gəlmir. Məsələn, yüksək IQ göstəricisinə sahib bəzi insanlarda kredit kartı borcları, gecikmiş ödənişlər və digər maliyyə problemləri müşahidə olunub.
Araşdırmada diqqət çəkən məqamlardan biri də orta səviyyədə zəka göstəricisinə malik şəxslərin bəzi hallarda maliyyələrini daha düzgün idarə etmələri olub.
Tədqiqatın müəllifi Cey Zaqorski bildirib ki, yüksək gəlir əldə etmək və sərvət toplamaq eyni şey deyil. Onun sözlərinə görə, bəzi ağıllı insanlar daha çox qazansalar da, qazandıqları pulu yığa bilmirlər.
Tətbiqimizi yükləyə bilərsiniz