
Dövlət İmtahan Mərkəzi (DİM) Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.
DİM-dən Yeniavaz.com-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər, beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər nəzərdə tutulur.
Məlumata görə, beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.
Bildirilib ki, müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, eyni zamanda, indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər 13 may – 30 iyun tarixlərində ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti, beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti və müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumatı Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə təqdim etməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz