
Mayın 13-də Rusiyanın bir neçə regionunda yanacaq-enerji infrastrukturlarında yanğın və partlayışlar qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi hadisələrin əksəriyyətini Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumları ilə əlaqələndirib.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, səhər saatlarında “Qazprom Pererabotka” şirkətinə məxsus Həştərxan qaz emalı zavoduna hücum cəhdi olub. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib, lakin vurulan dronların qalıqları müəssisə ərazisində yanğına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Həştərxan qaz emalı zavodu Rusiyanın ən iri qaz emalı müəssisələrindən biri hesab olunur. Müəssisə həmçinin ölkənin ən böyük kükürd dioksid istehsalçılarından biridir. Zavod sonuncu dəfə 2025-ci ilin sentyabrında dron hücumuna məruz qalmış və bundan sonra mühərrik yanacağı istehsalını müvəqqəti dayandırmışdı.
Başqırdıstanda isə Ufa yaxınlığında yerləşən Nurlino xətt istismar stansiyasında yanğın baş verib. Yerli mənbələrin məlumatına görə, yanacaq çənlərindən biri alovlanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə stansiyanın üzərinə qalxan sıx tüstü görünür.
Rusiya Fövqəladə Hallar Nazirliyi hadisənin “texnoloji prosesin pozulması” nəticəsində baş verən partlayışdan sonra yarandığını açıqlayıb. Yerli media hadisə zamanı üç nəfərin xəsarət aldığını, onlardan ikisinin ağır yanıq xəsarətləri aldığını yazıb.
Nurlino xətt istismar stansiyası “Ust-Balık–Kurqan–Ufa–Almetyevsk” magistral neft kəmərləri sisteminin əsas qovşaqlarından biridir. Burada neftin qəbulu, saxlanması, qarışdırılması və nəqli həyata keçirilir.
Krasnodar diyarının Temryuk rayonunun Volna kəndində də müəssisələrdən birinin ərazisində yanğın qeydə alınıb. Regional operativ qərargah hadisənin Ukrayna PUA-sının zərbəsi və dron qalıqlarının düşməsi nəticəsində baş verdiyini bildirib. Məlumata görə, alovun söndürülməsinə 96 nəfər və 29 texnika cəlb olunub. Hadisə zamanı bir nəfər yaralanıb.
Volna kəndi Qara dənizdə yerləşən Taman limanının neft məhsulları və quru yük terminallarına yaxın ərazidə yerləşir. Həmin liman yanacaq ixracı üçün strateji məntəqələrdən biri hesab olunur və daha əvvəl də bir neçə dəfə dron hücumlarının hədəfi olub.
Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, gecə saatlarında ölkənin müxtəlif regionları, o cümlədən Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Tambov, Yaroslavl, Oryol, Tula, Kaluqa, Ryazan və Həştərxan vilayətləri, eləcə də Krasnodar diyarı, Kalmıkiya, Krım, Azov və Qara dəniz üzərində ümumilikdə 286 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib və ya ələ keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz