
Bu il Naxçıvan da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycam Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Məlumata görə, bunlardan 76-da qurbanlıq heyvanların həm satışı, həm kəsimi, 27-də yalnız satışı, 31-də isə yalnız kəsimi xidmətləri təklif olunacaq.
Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Bununla yanaşı, bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında satışı və kəsimi təmin ediləcək.
Həmçinin, ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2026 linkinə daxil olmaqla əldə edə bilərsiniz.
Xatırladaq ki, mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz