
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ”MV Hondius” kruiz gəmisində üç sərnişinin ölümü ilə nəticələnən epidemiyadan sonra ölkələri daha çox hantavirus hallarına hazır olmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Çərşənbə axşamı Madriddə keçirilən mətbuat konfransında o, həmçinin çətin vəziyyətdə olan gəmidən 120-dən çox insanın təxliyəsinə görə İspaniya hökumətinə və xalqına minnətdarlığını bildirib.
O həmçinin bildirib ki, hazırda geniş yayılmış epidemiyanın əlamətləri olmasa da, virusun uzun inkubasiya dövrü (altı-səkkiz həftə) və 2 mayda ilk yoluxma halı təsdiqlənməmişdən əvvəl sərnişinlər arasında sıx təmaslar vəziyyətin dəyişməsinə səbəb ola bilər.
“Daha çox yoluxma halı gözləyirik, çünki xatırladığınız kimi, gəmidə ilk yoluxma halı 6 apreldə baş vermişdi və sərnişinlərlə, xüsusən də infeksiyanın qarşısının alınması tədbirləri görülməzdən əvvəl çoxlu qarşılıqlı təmaslar var idi”, - ÜST rəhbəri bildirib.
O, eyni zamanda ölkələri təşkilatın tövsiyələrinə ciddi şəkildə riayət etməyə çağırıb. Bu tövsiyələrə 42 günlük karantin və yüksək riskli təmasların davamlı monitorinqi daxildir.
Bu günə qədər üç ölüm hadisəsi də daxil olmaqla 11 hantavirus hadisəsi qeydə alınıb. 11 hadisənin hamısı “MV Hondius” gəmisinin sərnişinləri və heyət üzvləri arasında aşkar olunub.
Onun sözərinə görə, 11 haldan 9-unun Andes virusu (insandan insana ötürülə bilən hantavirus növü) ştammı olduğu təsdiqlənib. Qalan iki hal isə şübhəli hal kimi qiymətləndirilib.
ÜST rəhbərinin sözərinə görə, təsdiqlənmiş və şübhəli infeksiyaları olan bütün xəstələr təcrid olunub və ciddi tibbi nəzarət altındadırlar.
“Bu, sonrakı yoluxma riskini minimuma endirir”, - deyə o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz