
İran Vaşinqton Tehranın beş şərtini yerinə yetirənə qədər ABŞ ilə danışıqları bərpa etməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi mənbəyə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, şərtlərə aşağıdakılar daxildir:
- Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması;
- İran əleyhinə sanksiyaların ləğv edilməsi;
- Dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması;
- Müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi;
- İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması.
Mənbə qeyd edib ki, bu şərtlərin birləşməsi yalnız minimum etimad səviyyəsi yaratmaq və danışıqlar prosesinə qayıtmaq üçün müəyyən edilib.
Agentliyin mənbəsinin dəqiqləşdirdiyi kimi, İran Pakistan vasitəçisinə atəşkəs elan edildikdən sonra Ərəbistan dənizində və Oman körfəzində dəniz blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlarda inamsızlığı daha da artırdığını da çatdırıb.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə Ağ Ev İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Tehranın məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumlarında 3375 iranlı həlak olub. 11 apreldə Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin bir sıra fikir ayrılıqlarına görə tərəflər uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər. 21 apreldə ABŞ lideri İranla atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli atəşkəs uzatmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz