
Ər və ya arvadın həyat yoldaşını çox pul xərcləyən biri kimi görməsi ailədə maliyyə problemlərinə və mübahisələrə səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Social Science Quarterly” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Tədqiqat zamanı 700 ailənin məlumatları təhlil edilib və cütlüklərin bir-birinin pul xərcləmə davranışına münasibəti araşdırılıb. Məlum olub ki, problem insanların həqiqətən nə qədər pul xərcləməsində deyil, tərəflərin bunu necə qəbul etməsindədir. Yəni bir insan həyat yoldaşını israfçı hesab edirsə, bu düşüncə zamanla münasibətlərdə gərginlik yarada bilər.
Araşdırmaya əsasən, kişilər arvadlarını çox pul xərcləyən biri kimi gördükdə maliyyə münaqişələri daha çox yaranıb. Eyni vəziyyət qadınlarda da müşahidə olunub. Qadınlar həyat yoldaşlarını həddindən artıq pul xərcləyən biri hesab etdikdə ailədaxili narazılıqlar artıb. Maraqlıdır ki, bu nəticələr həm varlı, həm də maddi vəziyyəti zəif olan ailələrdə eyni şəkildə müşahidə edilib.
Mütəxəssislər bildirirlər ki, maliyyə problemlərinin əsas səbəblərindən biri tərəflərin bir-biri ilə açıq danışmamasıdır. Bir çox cütlük pul mövzusunda fikirlərini gizlədir və ya problemlərin zamanla öz-özünə həll olunacağını düşünür. Halbuki araşdırma göstərib ki, maddi vəziyyət dəyişsə belə, insanların bir-biri haqqında formalaşdırdığı düşüncələr həmişə dəyişmir.
Alimlər hesab edirlər ki, ailədə maliyyə ilə bağlı problemlərin qarşısını almaq üçün cütlüklər büdcə planlamasını birlikdə etməli, gəlir və xərclər barədə açıq danışmalıdırlar.
Tətbiqimizi yükləyə bilərsiniz