Mirzoyan Paşinyanın qulağına pıçıldadı: “Türklər bu gün açılış edir...”


Hazırda məzuniyyətdə olan və hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki kampaniyasında iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyanın Yerevanın Şenqavit rayonunda seçicilərlə görüşü zamanı xarici işlər naziri Ararat Mirzoyan ona yaxınlaşaraq qulağına nəsə pıçıldayıb.
Yeniavaz.com
xəbər verir ki, baş nazirin üzərində mikrofon açıq olduğundan Mirzoyanın “Türklər bu gün açılış edirlər. Gəlin Xarici İşlər Nazirliyinin sözçüsü üçün salamlama mətni hazırlayaq” sözləri eşidilib.
Daha sonra jurnalistlər Mirzoyandan türklərin nəyi açacağını izah etməsini istəyiblər. Nazir isə deyib ki,  söhbət Ermənistan və Türkiyə arasında sərhədin açılması və ya üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinə icazə verməkdən getmir.
“Əminəm ki, bu (sərhədin açılması) bir gün baş verəcək, amma bu dəfə söhbət bir az fərqli bir şeydən gedir. Təfərrüatları açıqlamağın vaxtı gələn kimi, bu barədə danışacağam. Biz yaxşı şeylərdən danışırıq. Bundan sonra yalnız yaxşı şeylərdən danışacağıq”, - deyə Mirzoyan qeyd edib.
Jurnalistlərin sualını cavablandıran Paşinyan isə bildirib ki, söhbət Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən gedir.
Onun sözlərinə görə, indiyədək Ermənistan Türkiyənin ixrac sənədlərində birbaşa təyinat ölkəsi kimi göstərilmədiyi üçün məhsullar əvvəlcə üçüncü ölkəyə göndərilmiş kimi rəsmiləşdirilir, daha sonra isə Ermənistana təkrar ixrac olunurdu.
Paşinyan qeyd edib ki, bu prosedur əlavə vaxt və logistika mərhələləri yaradırdı:
“Ermənistanda Türkiyə istehsalı olan bir çox mal var və bu, əlavə bir prosesi əhatə edirdi. Onlar başqa bir ölkəyə ixrac olunur, emal olunur və yalnız bundan sonra geri gətirilirdi”.
Baş nazirin sözlərinə görə, Türkiyə tərəfi artıq sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verir.
“İndi onlar bunu elə bir şəkildə təqdim edirlər ki, Ermənistan çatdırılma ölkəsi kimi göstərilir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər tam bərpa olunmasa da, son illərdə tərəflər arasında normallaşma istiqamətində müəyyən addımlar atılır.

DİGƏR XƏBƏRLƏR

Top