Rusiyada Aİ-95 markalı benzinin qıtlığı müşahidə olunur


Rusiyada Aİ-95 markalı benzinlə bağlı çatışmazlıq daha da kəskinləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” qəzeti bazar iştirakçılarına və ekspertlərə istinadən məlumat yayıb.
Bildirilir ki, planlaşdırılmamış neft emalı zavodu təmirləri, ilkin emal həcmlərinin azalması və mövsümi tələbat yanacaq bazarında gərginliyi artırıb.
Məlumata görə, neft şirkətləri mövcud şəraitdə istehsal güclərini daha çox Aİ-92 benzininin istehsalına yönəltməyə məcbur qalırlar. Buna baxmayaraq, Aİ-95 markasına tələbat sürətlə artır.
Milli Birja Qiymətləndirmə Agentliyinin məlumatına əsasən, 8 may tarixində keçirilən hərraclarda ümumilikdə 32,6 min ton benzin satılıb ki, bu da əvvəlki ticarət günü ilə müqayisədə 5,9% azdır. Aİ-92 benzininin satışları 8,9% azalaraq 20,3 min tona düşüb, Aİ-95 satışları isə 1,5% artaraq 12,2 min tona çatıb.
Eyni zamanda Aİ-92 üzrə qarşılanmamış tələb 23,4 min ton, Aİ-95 üzrə isə 26,3 min ton təşkil edib ki, bu da bazarda yüksək təzyiqin davam etdiyini göstərir.
Sənaye mənbələri bildirirlər ki, əsas neft emalı zavodlarında aparılan planlaşdırılmamış təmir işləri və istehsalın azalması pik mövsüm ərəfəsində Aİ-95 benzini ilə bağlı əlavə risklər yaradıb. Şirkətlər isə ilk növbədə öz yanacaqdoldurma şəbəkələrinin təminatına üstünlük verirlər.
Rusiyanın Federal Antiinhisar Xidməti isə ölkədə hazırda yanacaq çatışmazlığı ilə bağlı rəsmi şikayət daxil olmadığını açıqlayıb. Qurumun məlumatına görə, məsələ Birja Komitəsinin son iclasında da müzakirə olunmayıb.
Rusiya Energetika Nazirliyi də daxili yanacaq bazarındakı vəziyyətin “sabit və idarəolunan” olduğunu bəyan edib. Nazirlikdən bildirilib ki, daxili bazar yüngül neft məhsulları ilə kifayət qədər təmin olunur və logistika sistemi normal fəaliyyət göstərir.
Bazar iştirakçıları isə ölkədə avtomobil parkının dəyişməsinin də vəziyyətə təsir etdiyini deyirlər. Xüsusilə Çin istehsalı avtomobillərin sayının artması Aİ-95 markalı benzinin istehlakını yüksəldib. Ekspertlərin fikrincə, əvvəllər əsas sosial yanacaq hesab olunan Aİ-92 artıq əvvəlki əhəmiyyətini itirir və bazarda əsas tələb Aİ-95 üzərinə keçir.
Qiymətlərə gəlincə, 8 may hərraclarının nəticələrinə əsasən, Aİ-92 markalı benzinin birja qiyməti 0,01% artaraq ton üçün 65 990 rubla, Aİ-95 markalı benzin isə 0,16% bahalaşaraq 71 890 rubla yüksəlib. Mənbələr bildirirlər ki, birjadankənar bazarda qiymətlər birja göstəricilərindən təxminən 10% yüksəkdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top