
Plastik cərrahlar son vaxtlar “Piy bankı” adlanan üsula marağın artdığını bildirirlər.
Yeniavaz.com xəbər verir ki, bu metodda insanlar gələcək estetik prosedurlar üçün öz piy toxumalarını əvvəlcədən saxlayırlar.
Plastik cərrah və “New Look New Life” klinikasının tibbi direktoru Klaudia Kim bildirib ki, prosedur zamanı piy toxuması liposaksiya vasitəsilə bədəndən çıxarılır, daha sonra dondurularaq saxlanılır.
Həkimlərin sözlərinə görə, piy əsasən qarın, bud və bel nahiyəsindən götürülür. Sonradan bu toxumalar üz nahiyəsinin korreksiyası, sinə və ya omba böyütmə əməliyyatlarında istifadə oluna bilər.
Mütəxəssislər deyirlər ki, əsas məqsəd gələcəkdə yenidən liposaksiya etdirməmək və insanın öz toxumasından istifadə etməkdir. Bununla belə, həkimlər prosedurun müəyyən risklər daşıdığını da vurğulayırlar. Yağ köçürülməsi zamanı infeksiya, toxuma sərtləşməsi, kistalar, bədən konturlarında qeyri-bərabərlik və əlavə əməliyyat ehtiyacı yarana bilər.
Digər problem isə piyin saxlanılması ilə bağlıdır. Həkimlər bildirirlər ki, piy canlı toxuma olduğu üçün dondurulma zamanı keyfiyyətini itirə bilər. Saxlanma müddəti və dondurma üsulu nəticəyə ciddi təsir göstərir.
Mütəxəssislərin fikrincə, bəzi hallarda dondurulmuş piy toxuması zəifləyir və nəticədə istənilən effekt alınmır, hətta assimetriya yarana bilir.
Həkimlər “Piy bankı” üsulunu ənənəvi piy köçürülməsi ilə də müqayisə edirlər. Onların sözlərinə görə, klassik piy köçürülməsi tibbdə daha uzun tarixə malikdir və daha yaxşı araşdırılıb.
Estetik tibb sahəsində başqa alternativ üsullar da populyarlaşır. Bunlardan biri vəfat etmiş insanlardan götürülən donor piy inyeksiyalarıdır. Lakin həkimlər qeyd edirlər ki, donor piy insanın öz toxuması kimi bədənə tam uyğunlaşmır və daha çox müvəqqəti effekt verir.
Mütəxəssislər hesab edirlər ki, “Piy bankı” gələcəkdə inkişaf edə bilər. Amma hazırda bu üsulla bağlı elmi araşdırmalar hələ kifayət qədər deyil və pasiyentlər qərar verərkən riskləri nəzərə almalıdırlar.
Tətbiqimizi yükləyə bilərsiniz