Azərbaycanda 1916-cı ilə aid şəhadətnamə bərpa olunub - FOTO

Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Əbülfət (Ağaxan) Talışinskiyə 1916-cı ildə verilmiş şəhadətnamə bərpa olunub.

"Milli Azərbaycan Tarixi Muzeyi müxtəlif tarixi dövrləri əhatə edən maddi mədəniyyət nümunələri ilə zəngindir". Muzeydən Yeniavaz.com saytına verilən məlumata görə, belə materiallardan biri də Muzeyin zəngin fondlarından olan Sənədli Mənbələr fondunda saxlanılan Əbülfət (Ağaxan) Talışinskinin 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunması haqqında şəhadətnamədir: "Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Əbülfət (Ağaxan) Talışinski (1885-1949) 1915-ci ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirib, I Dünya Müharibəsi zamanı hərbi həkim kimi fəaliyyət göstərib. O, 1917-ci ildən Bakıda, Qara şəhər xəstəxanasında həkim işləyib, 1920-ci ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. Əbülfət (Ağaxan) Talışinskiyə məxsus, 1916-cı ilə aid şəhadətnamənin bərpaya ehtiyacı olduğu üçün Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Firuzə Ağayeva tərəfindən yüksək keyfiyyətlə bərpa edilib. Bərpadan sonra isə Sənədli Mənbələr Fonduna təhvil verilib. Milli Azərbaycan Tarixi Muzeyində zəngin mədəniyyətimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək missiyası layiqincə həyata keçirilir və mütəmadi olaraq davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top