Dünya böyük humanitar böhranla üz-üzə qala bilər – BMT xəbərdarlıq edir


Hörmüz boğazından gübrə daşınmasına tətbiq edilən məhdudiyyətlər yaxın həftələrdə qlobal humanitar böhrana səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyinə BMT-dən məlumat verilib.
BMT-nin tərkibində yaradılan işçi qrupunun rəhbəri Corge Silva bildirib ki, vəziyyət kritik həddə çatıb.
Onun sözlərinə görə, böyük humanitar böhrana çevrilə biləcək hadisənin qarşısını almaq üçün cəmi bir neçə həftə vaxt qalıb.
BMT rəsmisi qeyd edib ki, mövcud məhdudiyyətlər davam edərsə, dünyada əlavə 45 milyon insan aclıq və qidalanma çatışmazlığı riski ilə üzləşə bilər. Xüsusilə gübrə tədarükünün pozulması kənd təsərrüfatı məhsuldarlığına ciddi təsir göstərəcək və bu da bir çox ölkədə ərzaq təhlükəsizliyini təhlükə altına alacaq.
Ekspertlər bildirirlər ki, Hörmüz boğazı qlobal ticarət və enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Burada yaranan hər hansı logistika problemi yalnız enerji bazarlarına deyil, həm də kənd təsərrüfatı və ərzaq sektoruna birbaşa təsir edir.
BMT vəziyyəti “son dərəcə təcili” kimi qiymətləndirərək beynəlxalq ictimaiyyəti təxirəsalınmaz addımlar atmağa çağırıb. Təşkilat hesab edir ki, vaxtında müdaxilə olunmasa, dünya yeni ərzaq böhranı dalğası ilə qarşılaşa bilər.

DİGƏR XƏBƏRLƏR

Top