
“Mercedes-Benz” texniki nasazlıq səbəbindən 2024–2026-cı il model buraxılışına aid 144 mindən çox avtomobili geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) sənədlərində məlumat verilib.
Məlumata əsasən, problem avtomobillərin rəqəmsal cihaz paneli və məlumat-əyləncə sisteminin idarəetmə blokunun proqram təminatı ilə bağlıdır. NHTSA bildirib ki, proqram təminatındakı qüsur müəyyən edilmiş nəqliyyat vasitələrinin demək olar ki, 100 faizinə təsir göstərir.
Geri çağırılmaya AMG GT, C-Class, E-Class, SL-Class, CLE-Class və GLC-Class modelləri daxildir.
Bildirilir ki, istismar zamanı sistemin məcburi yenidən başladılması halları arta bilər. Bu isə rəqəmsal displeyin müvəqqəti olaraq sönməsinə səbəb olur.
Qeyd olunur ki, nasazlıq zamanı sürücü sürət, xəbərdarlıq siqnalları və digər vacib məlumatlara çıxışı itirə bilər. Üstəlik, sistem sönməzdən əvvəl sürücüyə heç bir xəbərdarlıq göndərilmir. Mütəxəssislərin fikrincə, bu hal qəza riskini artıra bilər.
Şirkət problemin aradan qaldırılması üçün avtomobil sahiblərinə səlahiyyətli “Mercedes-Benz” servis mərkəzlərinə müraciət etməyi tövsiyə edib. Nasazlığın proqram təminatının yenilənməsi vasitəsilə aradan qaldırılacağı bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz