
İspaniya çempionatı başa çatdıqdan sonra “Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real Madrid”in baş məşqçisi olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “Cope” radiostansiyası məlumat yayıb.
Məlumata görə, klub İspaniya çempionatının son turu başa çatdıqdan sonra Mourinyonun təyinatını elan etmək niyyətindədir. Lakin hazırda tərəflər arasında müqavilənin müddəti açıqlanmayıb.
Jurnalist Yağız Sabunçoğlunun sözlərinə görə, “Benfika” komandası mayın 17-də Portuqaliya liqasında son oyununu keçirdikdən sonra Mourinyo ilə yollarını ayırmağa hazırdır.
Məlumata görə, “Real Madrid” məşqçinin transferi üçün komandaya 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, 63 yaşlı Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edib. O, komandanı İspaniya liqası, İspaniya Kuboku və İspaniya Super Kuboku tituluna çatdırıb. O, 2025-ci ilin sentyabr ayından bəri “Benfika”ya rəhbərlik edir. O, həmçinin, Portuqaliyanın “Leyriya” və “Porto”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “İnter” və “Roma” klublarında, eləcə də Türkiyənin “Fənərbağça” klubunda baş məşqçi olub.
Mourinyo, iki fərqli klubla Çempionlar Liqasını qazanan altı məşqçidən biridir. Bunlar “Porto” (2004) və “İnter” (2010) klublarıdır.
Portuqaliyalı məşqçi Avropanın üç əsas klub yarışı olan Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanan ilk məşqçi olub. O, “Porto” (2003-cü ildə yarış UEFA Kuboku kimi tanınırdı) və “Mançester Yunayted”lə (2017) Avropa Liqasını, “Roma” ilə isə Konfrans Liqasını (2022) qazanıb. 2017-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Mourinyonu təşkilatın 1954-cü ildə yaranmasından bəri ən böyük 10 məşqçidən biri adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz