
İnternet paketi seçərkən bir çox istifadəçi ən yüksək sürətə üstünlük verir.
Yeniavaz.com xəbər verir ki, lakin əksər hallarda gündəlik istifadə üçün 50–100 Mbit/s sürət tam kifayət edir.
Doğru seçim etmək üçün yalnız tarifdə göstərilən rəqəmə deyil, istifadə məqsədinə və evdəki cihaz sayına da diqqət yetirmək lazımdır.
İnternet sürəti meqabit/saniyə (Mbit/s) ilə ölçülür, faylların həcmi isə meqabayt (MB) ilə göstərilir. Bir baytın 8 bitə bərabər olması səbəbindən, məsələn, 100 MB həcmində fayl 100 Mbit/s sürətlə təxminən 8 saniyəyə yüklənir. Bundan əlavə, provayderlərin reklam etdiyi sürət həmişə real istifadə zamanı əldə olunmur. Şəbəkənin yüklənməsi, Wi-Fi keyfiyyəti, routerə məsafə və günün saatı internetin sürətinə təsir göstərən əsas amillərdir.
Mütəxəssislərin sözlərinə görə, sosial şəbəkələrdə gəzmək, xəbər oxumaq və mesajlaşmaq üçün 5–10 Mbit/s sürət kifayət edir. “FaceTime” və “Telegram” kimi platformalarda keyfiyyətli videobağlantı üçün isə ən azı 15–20 Mbit/s tövsiyə olunur.
Film və serial izləyən istifadəçilər üçün tələblər daha yüksəkdir. Full HD keyfiyyətdə video izləmək üçün 10–15 Mbit/s sürət kifayət etsə də, 4K görüntü üçün ən azı 25–50 Mbit/s tələb olunur. Stabil görüntü və buferlənmənin qarşısını almaq üçün isə 35–40 Mbit/s daha uyğun hesab edilir.
Onlayn oyunlarda yüksək sürətdən çox, stabil bağlantı və aşağı ping vacibdir. Əksər oyunlar üçün 30–40 Mbit/s kifayət edir. Xüsusilə şuter və MOBA janrında olan oyunlarda pingin 50–60 millisaniyədən aşağı olması tövsiyə edilir.
Eyni anda bir neçə cihazın istifadə olunduğu evlərdə isə daha yüksək sürətə ehtiyac yaranır. Əgər ailədə bir neçə nəfər paralel şəkildə film izləyir, oyun oynayır və videobağlantılardan istifadə edirsə, 70–100 Mbit/s daha rahat istifadə imkanı yaradır.
Mütəxəssislər qeyd edirlər ki, 50 Mbit/s sürət 1–2 nəfərlik ailə üçün kifayət qədər yaxşı seçimdir. 100 Mbit/s isə daha çox cihazın istifadə olunduğu və böyük faylların tez-tez yükləndiyi evlər üçün daha münasib sayılır. 300–500 Mbit/s və ya 1 Gbit/s kimi yüksək tariflər isə əsasən peşəkar strim fəaliyyəti, iri video layihələri və böyük evlər üçün məntiqli hesab olunur.
Tövsiyə olunan internet sürətləri belədir:
Mesajlaşma – 1–5 Mbit/s
Sosial şəbəkələr və veb-sörfinq – 10 Mbit/s
Videobağlantılar – 15–20 Mbit/s
Full HD video izləmə – 10–15 Mbit/s
Onlayn oyunlar – 35–40 Mbit/s
4K video izləmə – 35–50 Mbit/s
Bir neçə cihazın eyni anda istifadəsi – 70–100 Mbit/s
Tətbiqimizi yükləyə bilərsiniz