
İran Prezidenti Məsud Pezeşkyan bildirib ki, İran xalqı heç vaxt düşmənlərinə boyun əyməyəcək və aparılan hər hansı danışıqlar təslim olmaq və ya geri çəkilmək anlamına gəlmir.
Yeniavaz.com “Tasnim”ə istinadən xəbər verir ki, bu fikirlər bazar günü Tehranda Amerika-İsrail təcavüzü nəticəsində yaranmış ziyanın aradan qaldırılması üzrə işçi qrupunun iclasında səsləndirilib.
Prezident qeyd edib ki, dialoq və danışıqlarla bağlı bütün təşəbbüslərin əsas məqsədi İran xalqının hüquqlarının təmin olunması və milli maraqların qətiyyətlə müdafiəsidir.
Pezeşkyan xüsusilə yaşayış məntəqələrində dağıdılmış ərazilərin bərpasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, zərərçəkmiş ailələrin psixoloji təhlükəsizliyi və rahatlığının təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir.
İran Prezidenti əlavə edib ki, bütün icra strukturları maksimum koordinasiya və həmrəylik şəraitində ictimai xidmətlərin göstərilməsini davam etdirməlidir.
Pezeşkyan həmçinin vurğulayıb ki, Amerika-İsrail müharibəsinin yaratdığı dağıntıların miqyası nəzərə alınmaqla, ölkənin ictimai həmrəyliyə və sosial institutların fəal iştirakına ehtiyacı var.
Onun sözlərinə görə, bu çətin mərhələnin uğurla keçilməsi üçün cəmiyyətin bütün təbəqələri birgə fəaliyyət göstərməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz