
Dünən baş verən toqquşmalara baxmayaraq, ABŞ və İran arasında sülh danışıqları pozulmayıb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump məlumat verib.
Məlum olduğu kimi, İran Amerikanın təklifini nəzərdən keçirir və yaxın günlərdə əks təklif təqdim edəcək.
Hazırda tərəflər arasında hansı konkret məsələlərin müzakirə olunduğu və hansı sahələrdə fikir ayrılıqlarının yarana biləcəyi diqqət mərkəzindədir.
Danışıqlar hansı mərhələdədir?
Hər iki tərəf təsdiqləyir ki, bu sülh səylərinin əsas məqsədi tam razılaşma üzrə danışıqlara başlamazdan əvvəl müvəqqəti anlaşma memorandumu bağlamaq, müharibəyə son qoymaq və Hörmüz boğazında nəqliyyatın hərəkətini bərpa etməkdir.
Təklif olunan danışıqlar ssenarisi üç mərhələni nəzərdə tutur: müharibənin rəsmi olaraq sona çatması, Hörmüz boğazındakı böhranın həlli və tam razılaşma üzrə danışıqlar üçün 30 günlük müddətin başlanması.
Lakin mənbələrə görə, planda bəzi fikir ayrılıqları və çatışmazlıqlar mövcuddur. Tam hüquqlu razılaşma İranın nüvə proqramı kimi məsələləri də əhatə etməlidir. Xatırladaq ki, İranın qoşulduğu və bir neçə illik danışıqların nəticəsi olan sonuncu nüvə sazişi 2015-ci ildə imzalanıb, 2018-ci ildə isə Donald Trump tərəfindən birtərəfli qaydada ləğv olunub.
Tərəflər arasında müzakirə ediləcək əsas məsələlər aşağıdakı kimi qruplaşdırılıb:
Müharibənin başa çatması
Prezident Donald Trump müharibənin başa çatmasının yaxın olduğunu və İran təklifi qəbul edərsə, prosesin dərhal yekunlaşacağını bildirib. Lakin Tehran həm Trampa, həm də İsrailin Baş naziri Benjamin Netanyahuya etibar etmir. İran tərəfi bildirir ki, əvvəlki atəşkəs razılaşmasına baxmayaraq, müharibə gözlənilmədən başlayıb.
Hörmüz boğazı və Körfəz blokadası
Tehran üçün Hörmüz boğazının bağlanması, Vaşinqton üçün isə Fars körfəzi blokadası danışıqlarda əsas təsir vasitələrindən biri hesab olunur. Bununla belə, hər iki tərəf mövcud vəziyyətdən zərər görür.
İran üçün enerji resurslarının ixracının məhdudlaşdırılması iqtisadi baxımdan ciddi nəticələr yarada bilər. ABŞ üçün isə İranın mümkün addımları səbəbindən enerji qiymətlərinin artması seçkiqabağı dövrdə sərfəli hesab edilmir. İran Hörmüz boğazı üzərində nəzarətinin rəsmi şəkildə tanınmasını istəyir.
Nüvə proqramı
ABŞ hesab edir ki, İran nüvə silahı əldə etməyə çalışır. İran isə bu ittihamları daim rədd edir və atom enerjisindən yalnız mülki məqsədlər üçün istifadə etdiyini bildirir.
Burada əsas məsələ nüvə elektrik stansiyaları üçün əsas xammal sayılan uranın zənginləşdirilməsidir. Eyni zamanda, bu materialdan nüvə silahı hazırlanması da mümkündür. ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatını nəzarətə götürmək istəyir. İran isə uranı zənginləşdirmək hüququnun tanınmasını tələb edir. Bu səbəbdən mövzunun yenidən əsas fikir ayrılığına çevriləcəyi ehtimal edilir.
Ballistik raketlər
Müharibədən əvvəl ABŞ-nin əsas tələblərindən biri İranın ballistik raket istehsalını məhdudlaşdırması idi. Müharibə zamanı Vaşinqtonun bu məsələyə niyə xüsusi önəm verdiyi daha aydın görünməyə başladı.
ABŞ İran raketlərinin həm sayını, həm də mənzilini İsrail ərazisinə çata bilməyəcək səviyyədə məhdudlaşdırmaq niyyətində idi. İran isə bu məsələ ilə bağlı mümkün razılaşma ehtimalını dəfələrlə rədd edib və adi silah istehsalının onların hüququ olduğunu bildirib. Tehran qeyd edir ki, bu məsələ danışıqlar mövzusu deyil.
Sanksiyalar və dondurulmuş aktivlər
Artıq bir neçə onillikdir ki, İran iqtisadiyyatı Qərb sanksiyalarından və dondurulmuş aktivlərdən ciddi şəkildə əziyyət çəkir. Bu vəziyyət ölkədə çoxsaylı etirazlara səbəb olsa da, nəticəsiz qalıb.
Bu səbəbdən Tehran sanksiyaların yumşaldılmasına ciddi ehtiyac duyur. Bundan əlavə, İran müharibə nəticəsində dəymiş zərərin ödənilməsi üçün repatriasiya xərclərinin qarşılanmasını tələb edir. Lakin ABŞ-nin buna razılaşma ehtimalı olduqca aşağı qiymətləndirilir.
Livan və Hizbullah
İran dəfələrlə bəyan edib ki, Livan və İsrailin həmin ərazidə həyata keçirdiyi hərbi əməliyyatlar ABŞ ilə danışıqlarda əsas məsələlərdən biri olmalıdır. Tehran üçün Livanın sülh danışıqlarına daxil edilməsi dönüş nöqtəsi hesab olunur.
Tərəflər arasında mövqelərlə bağlı fikir mübadiləsi aparmaq üçün növbəti fiziki görüşün nə vaxt keçiriləcəyi hələ məlum deyil. Hazırkı mərhələdə ABŞ İranın təqdim olunan təklifə cavabını gözləyir. Bununla yanaşı, həm quruda, həm də dənizdə davam edən qarşıdurmalar prosesin irəliləməsini çətinləşdirir.
Tətbiqimizi yükləyə bilərsiniz