Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirməlidir – Putin


Ermənistan Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı mümkün qədər tez qərar verməlidir və bunun üçün referendum keçirilməsi məntiqli addım ola bilər.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin  mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, bu məsələni bir neçə dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə müzakirə edib.
Rusiya lideri vurğulayıb ki, Moskva Ermənistan xalqının maraqlarına uyğun olan qərarlara qarşı çıxmır.
“Biz Ermənistan xalqının xeyrinə olan hər şeyi dəstəkləyirik. Əgər müəyyən qərar Ermənistan xalqının maraqlarına cavab verirsə, biz buna etiraz etməyəcəyik. Amma həm bizim, həm də tərəfdaşlarımız üçün vacib olan məqamlar nəzərə alınmalıdır”, – deyə Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi müəyyən qədər azalsa da, 2025-ci ilin sonuna qədər 7 milyard dollar səviyyəsində qalıb.
Onun sözlərinə görə, bu rəqəm Ermənistanın 29 milyard dollarlıq ÜDM-i fonunda əhəmiyyətli göstəricidir.
Putin əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində kənd təsərrüfatı, emal sənayesi, gömrük rüsumları və əmək miqrasiyası kimi sahələrdə mühüm üstünlüklər əldə edir.
“Düşünürəm ki, həm Ermənistan vətəndaşları, həm də onların əsas iqtisadi tərəfdaşı kimi bizim üçün referendum keçirərək mümkün qədər tez qərar vermək düzgün olardı. Bundan sonra biz nəticələrə uyğun şəkildə yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılıq prosesinə gedə bilərik”, – deyə Rusiya prezidenti vurğulayıb.
Putinin sözlərinə görə, məsələ növbəti AİB sammitində də gündəmə gətirilə bilər.
Xatırladaq ki, aprelin 1-də Moskvada keçirilən görüşdə Putin Paşinyana bildirib ki, Moskva İrəvanın Aİ ilə münasibətləri genişləndirmək planlarına sakit yanaşır. Bununla yanaşı, o, Ermənistanın eyni vaxtda həm Aİ-yə, həm də AİB-ə üzv olmasının mümkün olmadığını qeyd edib.
Paşinyan isə öz növbəsində Yerevanın bu uyğunsuzluğu qəbul etdiyini, lakin prosesin hələ yekun qərar mərhələsinə çatmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top