“Şəfəq” yarımstansiyasının açılışı oldu – Fotolar


Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına görülmüş işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib.
Bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.
Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurulub, mərkəzi SCADA sisteminə inteqrasiya olunub.
Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər.
Dövlət başçısına son dövrlərdə yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verilib.
Bildirilib ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bolsulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi məhz yaşıl enerji hesabına təmin olunub.


DİGƏR XƏBƏRLƏR

Top