
Ermənistanın Sünik əyalətinin Aqarak qəsəbəsində yerli sakin ilə Baş nazir Nikol Paşinyan arasında mübahisə yaranıb.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Paşinyana müraciət edən 53 yaşlı kişi hərbçi olduğunu, xidmət etdiyi mövqenin 3540 metr hündürlükdə yerləşdiyini bildirib.
O, qışda yolların təmizlənmədiyini və ora getməyin çətin olduğunu bildirib.
“6-7 metr qar olur və hətta buldozer belə onu təmizləyə bilmir. Heç olmasa qarın təmizlənməsini istəyirəm”, - deyə o bildirib.
Paşinyan vətəndaşı dinləməsi üçün müdafiə naziri Suren Papikyana zəng edib, lakin hərbçi bununla razılaşmayaraq deyib:
“Mənim nazirlə heç bir əlaqəm yoxdur, siz baş nazirsiniz, mən sizə müraciət edirəm”.
Paşinyan isə ona belə cavab verib:
“Əgər hərbçisənsə, əllərini düz tut, sakit dur və sonra baş nazirlə danış. Əsgər baş nazirlə belə danışmaz, sakit davran. Əsgər kimi davran, əllərini yelləyərək danışırsan”.
Sözügedən şəxs aldığı əməkhaqqıdan da narazılıq edib və hərbçilərin ərzağının bir hissəsinin satıldığını eyham vurub.
Paşinyan isə səbiləşərək, müdafiə naziri və baş nazirin yanında hərbçinin ayıq-sayıq vəziyyətdə dayanmalı olduğunu təkrar edib və oradan uzaqlaşıb.
Bundan sonra Paşinyan Suren Papikyana müraciətlə deyib:
“Papikyan, o hərbçini tərxis etdim, qoy getsin, bu vəziyyətdə xidmətə yararlı deyil. Bu halda, bilmirəm nə istifadə edib, içib, çəkib nə edib, onu tərxis etdim. Belə əsgərlər bizim ordumuza lazım deyil, qoy getsin öz işi ilə məşğul olsun, gedib besedkalarda otursun”.
Tətbiqimizi yükləyə bilərsiniz