Boş çanaq


(Həyat dərsi)

Qədim zamanlarda bir kral var idi. Bu kralın malının, mülkünün sərhədləri olmadığı kimi, təkəbbürünün, qürurunun da sərhədləri yox idi. Ancaq yenə də “yenə, yenə, yenə”... deyirdi. Bəlkə də, imkanı olsa idi, bütün dünyanı ələ keçirərdi.
Bir gün bu kral sarayın həyətində gəzməyə çıxmışdı. Birdən bir dilənçiyə rast gəldi və:
- İstə görüm, məndən nə istəyirsən? - deyə soruşdu.
Dilənçi güldü və:
- Kralım, yoxsa, mənim hər istədiyimi yerinə yetirəcəyinizi düşünürsünüz! - deyə cavab verdi.
Kral dilənçinin bu sözləri qarşısında əvvəlcə nə deyəcəyini bilmədi. Ancaq sonra təkəbbürü və qüruru qalib gəldi və:
- Əlbəttə! - deyə cavab verdi, - Sənin hər istədiyini yerinə yetirə bilərəm. Ancaq sən əvvəlcə istə görüm, məndən nə istəyirsən?
Bunu eşidən dilənçi çanağını krala uzatdı və:
- Bu çanağı bir şeylə doldura bilərsinizmi? - deyə soruşdu.
Kral qəhqəhə ilə güldü və vəzirinə çanağı qızılla doldurmağı əmr etdi. Vəzir saraydan bir kisə qızıl gətirdi. Ancaq çanaq elə ilk dəfədə dolan kimi boşaldı. Sanki çanağın dibi yox idi. Kral gözlərinə inana bilmədi. Vəzir yenə də saraydan bir kisə qızıl gətirdi. Ancaq bu qızıl kisəsi də o biri kimi eyni aqibətə uğradı. Artıq bu hadisəyə bütün şəhər yığışmışdı. Get-gedə növbə yaqutlara, zümrüdlərə, almazlara çatdı. Ancaq nəticə dəyişmədi ki, dəyişmədi. Çünki dilənçinin uzatdığı çanaq hələ də boş idi.
Artıq kral məğlubiyyətini qəbul etmişdi. Odir ki, az qala yalvararaq dilənçidən:
- Oldu. Sən qalib gəldin. İstədiyini yerinə yetirə bilmədim. Ancaq nə olar mənə çanağın nədən düzəldildiyini de, - deyə soruşdu.
- Nədən olacaq, - deyə dilənçi cavab verdi, - İnsanın istəklərindən... 

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top