Ukrayna aeronaviqasiya binasını vurdu – Rusiyada 13 aeroport bağlandı


Rusiya hakimiyyəti Ukrayna ordusunun pilotsuz təyyarəsinin Rostov-na-Donu şəhərindəki aeronaviqasiya binasına endirdiyi zərbədən sonra cənub bölgələrində hava nəqliyyatına məhdudiyyətlər tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya KİV Rusiya Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya Nəqliyyat Nazirliyi hücumdan sonra ölkənin cənubundakı bütün uçuşları 12 maya qədər dayandırıb.
Bu mərkəz gündə 1000-ə qədər tranzit uçuş da daxil olmaqla 2000-ə qədər mülki uçuşu əlaqələndirir.
Pilotlara verilən NOTAM-a əsasən, Rusiyanın cənubu üzərindəki səma yerli vaxtla 11 may saat 23:59-dək mülki təyyarələr üçün bağlı olacaq.
Məhdudiyyətlər həmçinin qadağan olunmuş ərazidən digər ölkələrə gedən tranzit uçuşlara da təsir edəcək.
“FlightRadar”ın məlumatlarına görə, Rusiyanın cənub bölgələri üzərindən uçuşlar hazırda faktiki olaraq dayandırılıb.
Digər tərəfdən, Rusiya Nəqliyyat Nazirliyi Rusiyanın cənubuna uçuşların azaldılacağı barədə xəbərdarlıq edib. Nazirlik həmçinin, sərnişinlərin bağlı hava limanlarından qatar və avtobusla təxliyə edilməsini əmr edib.
Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanları da daxil olmaqla ümumilikdə 13 hava limanı bağlanıb.
Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına görə, 80-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. Nəticədə, ən azı 14 min sərnişin uçuşu gözləmə vəziyyətində qalıb.
Hazırda aeronaviqasiya mərkəzinə dəyən ziyan qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top