Rusiyanın “1-ci” kanalında Azərbaycana qarşı təxribat – Rəsmi Bakıdan reaksiya


“6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya dövlət televiziyası olan “1-ci” kanalda Azərbaycan əleyhinə təxribata dair Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən deyib.
“Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.
Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, - A. Hacızadə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top