Vəliyevlərin qardaşının Rusiyadakı şirkətləri bu il zərərlə işləyib


Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın sabiq hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” və “Rusel Park” şirkətləri ötən il üçün maliyyə hesabatlarını açıqlayıblar.
Yeniavaz.com
şirkətlərin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Rusel” şirkəti 2025-ci ildə 3,89 milyon rubl (52,1 min dollar) gəlir əldə etsə də, mənfəəti olmayıb.  “Rusel Park” şirkəti isə ötən ili 478 min rubl (6,4 min dollar) xalis zərərlə başa vurub.
Qeyd edək ki, 2024-cü ildə “Rusel” şirkətinin 526 min rubl (6,1 min dollar) xalis mənfəəti, “Rusel Park” şirkətinin isə 342 min rubl (4 min dollar) xalis zərəri olub.
Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin yeganə təsisçisi Şahmar Vəliyevdir. Direktor isə Olqa Kərimovadır.
Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.
Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkət var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN-1600133861) dövlət qurumlarının keçirdiyi müxtəlif tenderlərdə qalib olub. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin (VÖEN – 2700055111) də prezidentidir. Ötən il “Azneftemaş” ASC-nin də xalis mənfəəti əvvəlki illə müqayisədə 15% azalaraq 524,5 min manata düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top