Tbilisidə tikiləcək “Tramp Qülləsi” belə görünəcək


Gürcüstanın paytaxtı Tbilisi şəhərində inşa olunması planlaşdırılan “Tramp Qülləsi”nin ilk vizual görüntüsü ictimaiyyətə təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı “Newsweek” nəşri yayıb.
Nəşrin paylaşdığı görüntüdə layihənin mərkəzində yerləşən 70 mərtəbəli göydələnin zirvəsində qızılı hərflərlə “Trump” yazısı əks olunub. Bildirilir ki, qüllə “Tbilisi City Center” (“Tbilisi Şəhər Mərkəzi”) adlı iri layihənin əsas hissəsidir və layihənin ümumi dəyəri təxminən 2 milyard dollar olaraq qiymətləndirilir.
Məlumata görə, bu layihə “Trump Organization” şirkətinin qlobal genişlənmə strategiyasının növbəti addımlarından biri hesab olunur.
Hazırkı plana əsasən, “Tramp Qülləsi” Tbilisinin ən hündür binası olacaq. 259 metr hündürlüyündə və 70 mərtəbədən ibarət olacaq göydələnin tikintisi Gürcüstan şirkətləri – “Archisa” və “Biographer Living” ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.
Layihənin premium yaşayış sahələrini, ticarət zonalarını və otel tipli infrastrukturu özündə birləşdirəcəyi bildirilir. Amerika mediasına açıqlama verən “Trump Organization”ın vitse-prezidenti Erik Tramp qeyd edib ki, Tbilisidəki göydələn şirkətin “ən yüksək keyfiyyət standartlarının təcəssümü” olacaq.

Xatırladaq ki, vaxtilə Azərbaycanda da Donald Trampa məxsus olan otellər şəbəkəsinə bağlı olacaq “Tramp Tover” otelinin açılışı nəzərdə tutulmuşdu. Hətta Donald Trampın qızı İvanka Tramp 2014-cü ildə Bakıya gələrək inşaat işlərilə tanış olub. Layihənin Azərbaycandakı tərəfdaşı isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Donald Tramp 2016-cı ildə ilk dəfə ABŞ prezidenti seçilən zaman Bakıdakı otel biznesindən imtina etdiyini açıqlayıb. Bu tarixdən sonra bina istifadəsiz qalıb. 2018-ci ildə binada güclü yanğın baş verib. 2022-ci ildə həmin binada “The Ritz-Carlton” otelinin açılışı olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top