
Ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Bavariya” – PSJ (1:1) matçı Azərbaycanda heç bir kanal vasitəsilə canlı yayımlanmayıb. Belə ki, əvvəlcədən “CBC Sport” qarşılaşmanı efirə verəcəyini açıqlasa da, bu baş tutmayıb.
Yeniavaz.com xəbər verir ki, “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb.
O bildirib ki, matçdan az əvvəl qəbuledici cihazda yaranan problem oyunun yayımlanmasına mane olub:
“Oyun başlamazdan 5-10 dəqiqə öncə qəbuledici yandı. Bütün testlər, digər texniki məsələlər qaydasında idi. Çalışırdıq ki, qəbuledicini düzəldək, amma bacarmadıq. Dedik ki, 2 saat ərzində nə zaman düzəlsə, elə ordan yayıma başlayaq. Amma alınmadı. Bununla bağlı bəyanat yayacağıq”.
Oyun zamanı izləyicilərin bir qismi “İctimai TV”ni də matçı yaylımlamadığına görə günahlandırıb. Kanal isə “Bavariya” – PSJ matçının yayım hüququnun onlarda olmaması barədə açıqlama yayıb:
“Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun “İctimai TV”nin efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub. “Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İTV-yə məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə kanal məsuliyyət daşımır”.
Tətbiqimizi yükləyə bilərsiniz