
Türkiyəli kontent yaradıcısı Ruhi Çenetin “hantavirus” xəbərdarlığı verilən gəmidə olduğu ortaya çıxıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Çenet sosial şəbəkə hesabında hadisə ilə bağlı təcrübəsindən danışıb.
Çenet üç nəfərin həyatını itirdiyi gəmidə bəxtinin gətirdiyini və xilas olduğunu bildirib.
Səyahətinin 24-cü günündə gəmini tərk etdiyini və səhhətinin yaxşı olduğunu bildirən Çenet, baş verənlərlə bağlı qalmaqallı açıqlamalar verib.
“Təxminən bir ay davam edən səyahətimiz zamanı sərnişinlərimizdən birinin həyatını itirdiyini eşitdim və bunun okean şəraiti ilə bağlı olduğunu düşündüm. Lakin vəziyyət düşündüyümdən də pis imiş”, - o bildirib.
Onun sözlərinə görə, bu hadisədən sonra gəmi daha 11 gün səyahət edib.
“Mən gəmidən düşəndən cəmi bir gün sonra mərhumun həyat yoldaşı vəfat etdi, daha sonra daha bir nəfər öldü. Daha sonra məlum oldu ki, ölən ilk sərnişin əslində virus səbəbindən həyatını itirib. Bu virusun gəmiricilər vasitəsilə yoluxan və sağalmaz bir xəstəlik olan “Hantavirus” virusu olduğu ortaya çıxdı”, - kontent yaradıcısı qeyd edib.
O, gəminin yeganə həkiminin bu virusa yoluxduğunu və hazırda həyatı uğrunda mübarizə apardığını bildirib.
Çenet gəminin 36 gün sonra səyahətini başa vurduğunu, ancaq son liman olan Kabo-Verdenin virus səbəbindən gəmini qəbul etməkdən imtina etdiyini qeyd edib.
O, lazımi qan analizlərini verdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.
“Gəmi rəhbərliyi elə ilk ölüm hadisəsindən yoluxucu xəstəlik ehtimalını ciddi qəbul etməli idi. Potensial olaraq virus daşıyıcısı olan hər kəs üçün karantin tətbiq etməli idi. Bununla belə, hamı bir yerdə qalmaqda davam etdi”, - Çenet əlavə edib.
Qeyd edək ki, Argentinadan Kabo-Verdeyə səyahət edən sərnişin gəmisində “hantavirus” virusu aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun məlumatına görə, aprelin 1-də yola düşəndən bəri gəmidə üç ölüm də daxil olmaqla, 7 hantavirus hadisəsi (2 təsdiqlənmiş və 5 şübhəli) aşkar edilib.
Tətbiqimizi yükləyə bilərsiniz