
Rəqəmlərə əsaslanan stolüstü oyunlar uşaqların riyaziyyatı daha yaxşı öyrənməsinə kömək edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Early Years” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqatçılar “Monopoliya”, “Otello” və “Domino” kimi stolüstü oyunların uşaqlarda sayma, toplama, çıxma və rəqəmləri müqayisə etmə bacarıqlarını inkişaf etdirdiyini müəyyən ediblər.
Araşdırma çərçivəsində 3-9 yaş arası uşaqlarla bağlı son 23 ildə aparılmış 19 tədqiqatın nəticələri təhlil olunub. Araşdırmada iştirak edən uşaqlar təxminən bir ay yarım ərzində həftədə iki dəfə, orta hesabla 20 dəqiqə stolüstü oyunlar oynayıblar. Sessiyalar müəllimlər, valideynlər və terapevtlərin nəzarəti altında keçirilib.
Nəticələr göstərib ki, tapşırıqların 52 faizində uşaqların riyaziyyat göstəricilərində ciddi irəliləyiş qeydə alınıb. Həmçinin, stolüstü oyunlar oynayan uşaqların bir çox hallarda bu oyunlarda iştirak etməyən yaşıdlarından daha yüksək nəticə göstərdiyi müəyyən olunub.
Tədqiqatçılar hesab edirlər ki, stolüstü oyunlardan məktəbəqədər təhsil müəssisələrində daha geniş istifadə olunması uşaqların öyrənmə prosesinə müsbət təsir göstərə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz