MDU-da Ənvər Şıxlinskinin yubileyinə həsr olunmuş konfrans keçirilir


2026-cı ilin 6-7 may tarixlərində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, görkəmli iqlimşünas alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” mövzusunda respublika elmi konfransı keçirilir.
Universitetin akt zalında keçirilən tədbirdə Coğrafiya İnstitutun və MDU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edirlər.
Konfrans Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, turizm sektorunun inkişafı ölkənin sosial-iqtisadi tərəqqisinin mühüm istiqamətlərindən olmaqla yanaşı, regionların dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması və mədəni irsin təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır.
Rektor qeyd edib ki, iqlim dəyişiklikləri və qlobal ekoloji çağırışlar fonunda turizm potensialının elmi əsaslarla qiymətləndirilməsi aktual məsələlərdən biridir. O, universitetlərin bu istiqamətdə elmi tədqiqatların aparılması, ekoloji düşüncənin təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təşəbbüslərin dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb.
Eyni zamanda, Ənvər Şıxlinskinin Azərbaycan coğrafiya və iqlimşünaslıq elminə verdiyi töhfələrdən bəhs edən Anar Eminov qeyd edib ki, görkəmli alimin zəngin elmi irsi bu gün də iqlim, ekoloji təhlükəsizlik və regional inkişaf məsələlərinin araşdırılmasında mühüm elmi mənbə kimi aktuallığını qoruyur. Bildirilib ki, belə konfranslar elmi biliklərin paylaşılması, multidissiplinar əməkdaşlığın genişlənməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqi baxımından mühüm platforma rolunu oynayır.
Sonra çıxış edən Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Mingəçevir Dövlət Universitetində belə aktual mövzuya həsr olunmuş respublika elmi konfransının yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib. O, qeyd edib ki, Azərbaycanda coğrafi mühitin, iqlim müxtəlifliyinin və zəngin təbii resursların turizm potensialının formalaşmasında mühüm rolu vardır. Direktor vurğulayıb ki, müasir dövrdə turizm sektorunun inkişafı yalnız iqtisadi deyil, həm də ekoloji və sosial aspektlərdən yanaşma tələb edir. Bu baxımdan elmi tədqiqatların genişləndirilməsi, regionların turizm imkanlarının elmi əsaslarla öyrənilməsi və təbii resurslardan səmərəli istifadənin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Zaur İmrani, həmçinin görkəmli iqlimşünas alim Ənvər Şıxlinskinin Azərbaycan coğrafiya elminə verdiyi töhfələrin bu gün də aktuallığını qoruduğunu diqqətə çatdırıb.
Konfrans çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Coğrafiya İnstitutu arasında turizm və ekologiya yönümlü ixtisaslar üzrə peşəkar kadrların hazırlanmasına dair birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müasir tədris proqramlarının hazırlanması, ustad dərslərinin təşkili, eləcə də turizm, ekologiya və coğrafiya sahələrində əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığının dəstəklənməsi nəzərdə tutulur.
Konfrans panel müzakirələrlə davam edib.
Coğrafiya İnstitutunun Landşaftşünaslıq və Təbii Ehtiyatlardan İstifadə laboratoriyasının müdiri, dosent Mirnuh İsmayılov çıxışında ölkənin müxtəlif regionlarının zəngin landşaft xüsusiyyətlərinin turizm baxımından geniş imkanlar yaratdığını bildirib. O, bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələri və regional turizm potensialının qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, dosent Səid Səfərov çıxışında Xəzər regionunun turizm potensialının geniş imkanlara malik olduğunu vurğulayıb. Xüsusilə sahilyanı zonaların turizm və rekreasiya baxımından inkişaf perspektivlərinə diqqət çəkilib.
Kür Olimpiya Tədris-İdman Mərkəzinin qəbul və qeydiyyat şöbəsinin meneceri Elşad Abbasov isə idman turizminin inkişafı, bu sahədə mövcud imkanlar və perspektiv istiqamətlər barədə fikirlərini iştirakçılarla bölüşüb.
Konfrans çərçivəsində Coğrafiya İnstitutunun Elmi kadr hazırlığı sektorunun müdiri, c.ü.f.d. Müseyib Yunusov tərəfindən məruzə təqdim olunub. Məruzədə turizm potensialının qiymətləndirilməsi metodları, eləcə də bu sahədə peşəkar kadr hazırlığının əhəmiyyəti xüsusi vurğulanıb.
Ardınca bədii hissə keçirilib. Tədbirin bədii hissəsində Azərbaycan musiqilərindən incilər təqdim olunub, bu da konfransa xüsusi rəng qatıb.
Konfrans hibrid formada bölmə iclasları ilə davam etdirilib. Bölmə iclaslarında turizm sektorunun inkişaf perspektivləri, regionların potensial imkanları, innovativ yanaşmalar və elmi-praktiki təkliflər geniş şəkildə müzakirə olunub, iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfrans ölkədə turizm sahəsinin inkişafına elmi yanaşmaların tətbiqi, müvafiq sahədə tədqiqatların genişləndirilməsi və elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 



DİGƏR XƏBƏRLƏR

Top