
Düzgün seçilmiş romanların oxunması piylənmədən əziyyət çəkən uşaqlarda çəkinin azalmasına müsbət təsir göstərə bilər.
Yeniavaz.com xəbər verir ki, bu nəticə ABŞ-nin Dyuk Universiteti Tibb Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı əldə edilib.
Tədqiqatda 9–13 yaş arası artıq çəkidən əziyyət çəkən 45 qız iştirak edib. Onların hamısı kompleks arıqlama proqramına cəlb olunub. İştirakçılardan 31 nəfərinə sağlam həyat tərzi və çəkiyə nəzarətlə bağlı mesajlar verən “Göl xilasetməsi” (Lake Rescue) adlı romanı oxumaq tapşırılıb. Qalan 14 nəfər isə nəzarət qrupunda yer alıb və kitab oxumayıb.
Altı ay sonra aparılan ölçmələr göstərib ki, romanı oxuyan qrupda bədən kütlə indeksi (BKİ) orta hesabla 0,71 faiz azalıb. Nəzarət qrupunda isə əksinə, 0,05 faiz artım qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, kitab oxumaq kimi sadə və əlçatan üsulun çəkiyə müsbət təsir göstərməsi xüsusilə əhəmiyyətlidir. Çünki effektiv arıqlama üsullarının bir qismi dərman müalicəsi və ya cərrahi müdaxilə tələb edir.
Tətbiqimizi yükləyə bilərsiniz