“Həftəsonu xəstəxanaya düşmək daha təhlükəlidir” – Araşdırma


Həftəsonu xəstəxanaya yerləşdirilən xəstələrin ölüm riskinin iş günləri qəbul edilənlərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat dünyanın müxtəlif ölkələrində aparılan 72 elmi işin ümumi təhlili əsasında hazırlanıb. Alimlər ümumilikdə 55 milyondan çox xəstənin məlumatlarını araşdırıblar.
Nəticələr göstərir ki, həftəsonu xəstəxanaya qəbul edilənlərdə ölüm riski statistik hesablamalara əsasən təxminən 15-17 faiz daha yüksəkdir. Alt qrup təhlilləri də oxşar mənzərə ortaya qoyub.

Bəs bunun səbəbi nədir?
Tədqiqat müəllifləri iki əsas ehtimal irəli sürürlər. Birinci ehtimala görə, həftəsonları tibbi xidmətin əlçatanlığı və ya keyfiyyəti iş günləri ilə müqayisədə daha aşağı ola bilər. Məsələn, bəzi ixtisaslaşmış həkimlərin və ya diaqnostik xidmətlərin sayı az ola bilər. İkinci ehtimala görə isə həftəsonu xəstəxanaya müraciət edənlər daha ağır vəziyyətdə olur və bu da ölüm riskini artırır. Müəlliflər birinci izahın, yəni xidmət səviyyəsindəki fərqin daha inandırıcı olduğunu qeyd edirlər.
Maraqlıdır ki, əməliyyat olunan xəstələr arasında həftəsonu ilə iş günləri arasında ciddi fərq aşkarlanmayıb. Bunun mümkün səbəbi kimi göstərilir ki, ağır əməliyyat keçirmiş xəstələr adətən reanimasiya şöbəsində saxlanılır və bu şöbələrdə xidmət həm həftəiçi, həm də həftəsonu demək olar ki, eyni səviyyədə təşkil olunur.
Mütəxəssislər hesab edirlər ki, həftəsonları da tibbi xidmətin keyfiyyəti və əlçatanlığı iş günləri ilə eyni səviyyədə təmin olunmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top