
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək, 10 şəxs və 8 şirkəti qara siyahıya salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş sənəddə bildirilir.
Bundan əlavə, daha 17 şəxs və şirkətə sanksiya tətbiq edilib. Xüsusilə, məhdudiyyətlər Rusiyanın “Eltech Component” və “SNK Trade” şirkətlərinə, eləcə də Çində qeydiyyatdan keçmiş “M9 Logistics Ltd” və “M9 Logistics Co” şirkətlərinə, Tailandın “Sea 2 Sky” və “Canopus Trading Group”, “Tanaq” şirkətlərinə və Kamerunlu “Enangue Holding”ə təsir edib.
Qara siyahıya salınan şəxslər arasında Elmir Saifullin, Çulpan İslamova, Savsan Yusupova, Sergey Kaşçenko, Mixail Volovik, Yeqor Nikitin, Anastasiya Barışeva, Konstantin Trifonov, Pavel Nikitin və Fransa və Kamerun vətəndaşı Mişel Qay Ateba var. Belarusda anadan olan Pavel Nikitin Böyük Britaniya Xarici İşlər Nazirliyinin izahat qeydində “Rustakt” və “Santross” şirkətlərinin sahibi kimi qeyd olunub.
Sanksiya siyahısındakı şirkətlərin hesablarının Britaniya banklarında aşkar ediləcəyi təqdirdə, onların dondurulacağı və şəxslərin ölkəyə girişinin qadağan ediləcəyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz