Robot sərnişin təyyarəni bir saat gecikdirdi


ABŞ-də qeyri-adi sərnişinə - humanoid robota görə təyyarə bir saat gecikib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Interesting Engineering” portalı məlumat yayıb.
Məlumata görə, hadisə Oklenddən San Dieqoya uçan reysdə baş verib.
Sözügedən robot təxminən 1,2 metr hündürlüyündə olan “Bebop” adlı robot olub və təyyarənin bortunda ona tam hüquqlu sərnişin kimi oturacaq ayrılıb.
Lakin uçuşdan əvvəl heyət ciddi bir problemlə qarşılaşıb. Belə ki, robotun batareyası çox güclü olduğu üçün aviareyslər üçün təhlükəsizlik standartlarını aşıb. Bu isə təxminən bir saatlıq gecikməyə səbəb olub. Aviaşirkətin əməkdaşları əlavə yoxlamalar aparmaq məcburiyyətində qalıblar və nəticədə, uçuşa icazə verməzdən əvvəl batareyanın çıxarılmasını tələb ediblər.
Vəziyyət robotun dəhlizdəki oturacağa yerləşdirilməsi ilə daha da mürəkkəbləşib. Belə ki, bu, təyyarə salonunda böyük əşyaların daşınması qaydalarını pozub.
Nəticədə, o, pəncərə yanındakı oturacağa köçürülüb və batareyası çıxarılıb. Ancaq bundan sonra təyyarə yola düşüb.
Robot robototexnika sahəsində ixtisaslaşan və tədbirlər üçün oxşar cihazları icarəyə verən bir şirkətə məxsus olub. Bu cür səyahətlər nadir hal olmasa da, nümayəndələr problemin bu halda litium batareyaları üçün sərt aviasiya tələbləri ilə əlaqədar yarandığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top