
Cənubi Afrikada itkin düşən 59 yaşlı Qabriel Batistanın meyiti timsahın qarnından tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, Qabriel Batista bir həftə əvvəl ölkənin şimal-şərqində itkin düşüb. İş adamının avtomobili ötən həftə Komati çayını keçməyə çalışarkən ilişib qalıb. Onun yoxa çıxmasından sonra polis axtarış zamanı çay üzərində dörd gün ərzində dron və helikopterlərlə müşahidə aparıb və kiçik bir adada qarnı şişmiş timsah aşkar edib.
Timsah helikopterdən polis snayperi tərəfindən vurularaq zərərsizləşdirilib və yaxınlıqdakı Kruger Milli Parkına aparılıb.
Meyit müayinəsi zamanı timsahın mədəsində iki kəsilmiş qol, qabırğa qəfəsinin bir hissəsi və ət parçaları tapılıb.
Kapitan Potqieter bildirib: “Çox təfərrüata varmaq istəmirəm, amma mədədə timsahın itkin düşmüş şəxsi yediyinə inanmağımız üçün kifayət qədər dəlil var idi. Lakin bunu təsdiqləmək üçün DNT nəticələrini gözləməliyik”.
Onun sözlərinə görə, bədən hissələrindən əlavə, altı müxtəlif növ ayaqqabı da aşkar edilib.
Qeyd olunub ki, Batista itkin düşdüyü körpüdən qısa məsafədə yerləşən “Border Country Inn” oteli və idman barının sahibi olub.
Sosial şəbəkələrdə həmin anın görüntüləri yayılıb:
Tətbiqimizi yükləyə bilərsiniz